Şəfiqə Məmmədova yeni yaranan Respublika Kinematoqrafçılar İttifaqının məqsədlərini açıqlayıb - MÜSAHİBƏ

Şəfiqə Məmmədova yeni yaranan Respublika Kinematoqrafçılar İttifaqının məqsədlərini açıqlayıb - <font color=red>MÜSAHİBƏ</font>
# 21 iyun 2012 15:12 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Bu gün yaradılan Respublika Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın xalq artisti Şəfiqə Məmmədovanın APA-ya müsahibəsi

- Yeni yaradılan qurumun qarşısında dayanan əsas məqsədlər nədən ibarətdir?

- Əvvəl böyük proqram, nizamnamə dəqiqləşməlidir, bütün proqramı tam şəkildə işləməliyik. Biz hər şeyi, ən əsas istiqaməti bilməliyik. İşləməliyik, iş gedəcək. Avqustun 2-si - Kino Günündə hazırlanan proqramı ictimaiyyətə təqdim edəcəyik. Həmin müddətdə üçün ittifaqın nizamnaməsi də işlənəcək. Nizamnamədə, proqramda bütün məsələlər əhatə olunmalıdır.

- Qurumun yeri, ünvanı varmı?

- Hələ yox. Bu barədə də müzakirələr aparacağıq. Onu necə görürük, necə olacaq? Bizim arzumuz odur ki, bu sahəyə gənc nəsil cəlb olunsun. Qarşımızda dayanan əsas məsələlərdən biri gənc kinematoqrafçılar ordusunu yaratmaqdır. Bu, böyük məsələdir, o səbəbdən də fəaliyyət göstərəcəyimiz yeri hələ seçəcəyik, danışacağıq, görək necə qururuq. Hələ heç nə məlum deyil. Bina məsələsi o qədər də önəmli deyil, əsas proqram və nizamnamədir.

- Azərbaycanda kinematoqrafiya sahəsində bir qurum - Azərbaycan Kinematoqrafçılar İttifaqı fəaliyyət göstərir. Bu qurum 1956-cı ildə yaradılıb. Sizcə, ikinci belə quruma ehtiyac varmı?

- Sözsüz, bu ittifaq uzun müddətdir fəaliyyətdədir. Lakin ordu böyüyür, filmlər çəkilir, artıq kinematoqrafçıların əhatəsi genişlənir. Kim haranı seçsə, orda da fəaliyyət göstərəcək. Yəni, zaman bu gün bunu tələb edir, eyni sahədə min qurum ola bilər. Assosiasiyalar, birliklər, nə bilim yeni-yeni qurumlar. Fikrimcə, bu təbii prosesdir. Biz heç kimlə rəqabət aparmaq niyyətində deyilik. Əksinə, ünsiyyət yaratmaq lazımdır. Hərə öz məqsədi, öz istiqaməti üzrə işləməli, yaratmalıdır. İstənilən ölkədə paralel şəkildə, eyni istiqamətdə nə qədər qurumlar yaranır. Burda nə var ki? Yeni qurumdur və ona uğurlar arzu etmək lazımdır. Hər birimiz kino naminə çalışırıq. Hər zaman demişəm ki, bu ardıcıllıq kəsilməsin, yəni nəsil gəlsin. Bu, həqiqətən də böyük məsələdir. Mümkün olsa, əlbəttə kinomuz naminə beynəlxalq miqyasa çıxmalıyıq. Kino çox ağır, çətin sahədir, amma tamaşaçılar üçün ən sevimli sənətdir.

- Yəqin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun və I katibi Rasim Balayevin məsələyə münasibətindən xəbərdarsınız...

- Nə deyim... Onların fikirləri belədir, hərənin öz sözü var. Fikirləri belədirsə, çıxış eləsinlər, desinlər. Gələcəkdə biz ünsiyyət saxlayacağıq. Biz kinematoqrafçılar hamımız bir məssəbə qulluq edirik. Bir kinomuz var - Azərbaycan kinosu. Düşünürəm ki, yeni qurumlarla bağlı belə mənfi şəkildə çıxışlar etmək, təəccüblənmək lazım deyil. Bəlkə sabah yeni bir gildiya yaranacaq, gənc kinematoqrafçılar öz ittifaqlarını təsis edəcəklər. İndi biz onlara deyək ki, “yox, var da təşkilat, nəyə lazımdır yenisi?” Düşünürəm ki, buna sivil yanaşmaq lazımdır, birmənalı, qərəzli yox. Yeni yaranan gildiya və ya digər qurumlara dünən təəccüblənmirdilər, buna niyə təəccüblənirlər? Kinonun ordusu böyükdür, kim harada fəaliyyət göstərmək, özünü görmək istəyər, orda da fəaliyyət göstərər.

- Yeni yaradılan Respublika Kinematoqrafçılar İttifaqı dövlət təşkilatıdır, yoxsa ictimai birlik kimi fəaliyyət göstərəcək?

- Mən çıxışımda da qeyd etdim ki, bu gün Azərbaycanda fəaliyyət göstərən Rəssamlar, Yazıçılar, Bəstəkarlar ittifaqları əlbəttə ki, ictimai birliklərdir. Amma sadaladığım qurumların müəyyən mənada hökumətdən dəstəkləri var. Elə ittifaqlar var ki, onlara diqqət göstərilir. Onlar fondlar yaradır, mükafatlar verir, yəni büdcədən köməkləri olur. Biz hələ yığışmamışıq, ona görə bilmirəm. Bu suala bu gün cavab verə bilmirəm.

- Şəfiqə xanım, yeni vəzifə Sizi qorxutmur ki? Yaradıcı insanlar dəymədüşər, küsəyən olurlar. Onları bir birlik ətrafında toplamaq çətin olmayacaq ki?

- Təbii, hər barədə çətin olacaq. İnsan gərək buna hazır olsun. Mən çoxdan kinodayam, həyatım kinoda, ittifaqlarda, qurumlarda, kinostudiyada keçib. Bütün fəxri adlarımı, mükafatlarımı kinoda qazanmışam, kinomuza var gücümlə qulluq etmişəm. Ona görə də bilmirəm nə deyim... Çətin olacağını dəqiq bilirəm. Çünki hamını tanıyıram, qurumları tanıyıram, kinonun vəziyyətini bilirəm, hər şeydən xəbərim var. Mən kənar adam deyiləm, kinonun adamıyam, kinonun uşağıyam. Çətindir, amma bu çətinliyə hazıram...

- Maraqlıdır ki, sədrlik etdiyiniz ittifaqın İdarə Heyəti yalnız kişilərdən ibarətdir...

- Elədir. Mən hamıya etimada görə təşəkkürümü bildirərəm. Nə dərəcədə bu etimadı doğruldacağımı bilmirəm. Amma var gücümlə, qüvvəmlə, səviyyəmlə kino naminə səy göstərəcək, sözümü deməyə çalışacağam.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR