2017-ci ilin yanvar-mart aylarında ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 50,2% artaraq 111,3 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sementin istehsalı 22,1%, betondan yığma tikinti konstruksiyaların istehsalı 3,5 dəfə, tikinti əhənginin istehsalı 56,9%, hörmə üçün hazır beton qarışığının istehsalı 29,1% artıb.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-mart aylarında 127 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 3,8%-lik artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 21%-lik azalma müşahidə olunub. Üç ay ərzində sahə üzrə 19,3 min ton (52,1% çox) polad borular, 154,1 ton (16,4 dəfə çox) alüminium çubuqlar, millər və profillər istehsal edilib. Bununla yanaşı, polad tökmənin, alüminium ərintilərinin istehsalı və metalların üst təbəqəsinin emalı üzrə xidmətlərin həcmi azalıb.