Bakı-APA. 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib.
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, səfirliyin və SOCAR-ın Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciədən bəhs edən qısametrajlı film nümayiş olunub.
Tədbirdə çıxış edən səfir F.Abdinbəyov 1990-cı il yanvarın 20-də sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət barədə ətraflı məlumat verib. Dinc və silahsız əhalinin vəhşicəsinə qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini və sovet rəhbərliyinə qarşı açıq etirazın bildirildiyini vurğulayıb.
Səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş press-reliz Rumıniyadakı dövlət strukturları və qeyri-hökumət təşkilatlarında yayılıb. Rumıniyanın “AGERPRES” agentliyinin internet səhifəsində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr yerləşdirilib.