Bakı. Ramiz Mikayıloğlu - APA. "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirak edən ixracatçıların xərclərinin 30%-i (5 000 manatdan artıq olmamaqla) İqtisadiyyat Nazirliyi tərəfindən ödənəcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 5-də imzaladığı sərəncamla təsdiqlənən "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nda əksini tapıb.
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycanda vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi bu qaydada müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna malikdirlər. İxracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, habelə əmtəə nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50%-ini (5 (beş) min manatdan artıq olmamaqla) təşkil ediləcək. Tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarlarını da İqtisadiyyat Nazirliyi müəyyən edəcək. Hər bir tədqiqat-inkişaf proqramına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50%-ini (hər bir layihə üzrə 100 000 manatdan artıq olmamaqla) təşkil edəcək. Təqvim ili ərzində keçirilən tədqiqat-inkişaf proqramlarının sayı 10-dan (artıq ola bilməz. Dəstək məbləği manatla ödəniləcək. Xarici valyuta ilə çəkilmiş xərcin hesablanması ödənişi təsdiq edən sənədlərdə göstərilən tarixdə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş valyuta məzənnəsinə uyğun aparılacaq.
Qeyd edək ki, bu qayda xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 27-ci mal qrupuna (mineral yanacaq, neft və onların qovulma məhsulları, bitum tərkibli maddələr, mineral mumlar) daxil olan məhsullara şamil edilmir.