Bakıda fransız rəssamı Bernar Buffenin fərdi sərgisinin açılışı olub - FOTO

Bakıda fransız rəssamı Bernar Buffenin fərdi sərgisinin açılışı olub - <span style="color: red;">FOTO
# 26 sentyabr 2014 20:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakıda Heydər Əliyev Mərkəzində fransız rəssamı Bernar Buffenin fərdi sərgisinin açılış mərasimi olub.

APA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verib və layihənin ideya müəllifinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olduğunu deyib.

Leyla Əliyeva qeyd edib ki, Buffenin yaradıcılığı ilə iki il bundan əvvəl tanış olub: “İlk baxışdan onun əsərlərinə vuruldum. Mənim üçün onun əsərləri emosiya, hisslər və dərinliklə doludur. Hətta onun ən kədərli və tünd çalarlı əsərləri yenə də müsbət enerji verir və əhval-ruhiyyəni yüksəldir”.

L. Əliyeva deyib ki, Buffe yaradıcılığı boyu 12 mindən çox əsər yaradıb: “Çox parlaq, dramatik, maraqlı həyat yaşamasına baxmayaraq, o, demək olar ki, unudulub. Əminəm ki, bugünkü sərgi vasitəsilə xeyli insan bu böyük rəssam haqqında məlumat əldə edə biləcək”.

Sərginin açılışında dünyanın bir çox şəhərlərindən qonaqların iştirak etdiyini bildirən Leyla Əliyeva deyib ki, qonaqların ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, memarlığı haqqında kəşf edəcəyi çox şey var: “ Fərqli mədəniyyətlərin, dinlərin, ənənələrin kombinasiyası hər zaman bizə yeni yaradıcı ideyalar bəxş edir”.

L. Əliyeva deyib ki, noyabr ayında Londonda həyata keçiriləcək növbəti sərgidə məşhur rəssamların əsərləri nümayiş olunacaq.

Sonra London Opera Qalereyasının direktoru Jan-David Malat çıxış edərək sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, sərgidə rəssamın 43 əsəri nümayiş olunur. Onların sırasında müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi soyulmuşlar” silsilələrindən rəsmləri, eyni zamanda, avtoportretləri yer alıb.

Sərginin təşkili ərəfəsində Bernar Buffenin əsərlərinin reproduksiyasından ibarət kataloq nəşr olunub. Kataloqda ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Sərgi 2015-ci il yanvarın 15-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR