Bakıda türkdilli ölkələrin fotoqraflarının görüşü keçirilir

Bakıda türkdilli ölkələrin fotoqraflarının görüşü keçirilir
# 04 sentyabr 2013 14:20 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. TÜRKSOY-un 20 illik yubileyi ilə əlaqədar Bakıda türkdilli ölkələrin fotoqraflarının görüşü keçirilir.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un birgə təşkil etdiyi tədbirdə türkdilli ölkələrdən 14 fotoqraf iştirak edir.

Ənənəvi olaraq təşkil edilən TÜRKSOY "Fotoqraflar görüşü"nün məqsədi türkdilli ölkələrin foto sənəti ustalarını bir araya gətirmək, onların yaradıcı ünsiyyətini təşkil etməkdir. Layihə çərçivəsində iştirakçılar Azərbaycanın mədəniyyətini, tarixinin, turizmini, müasir inkişafını öz fotolarında əks etdirəcəklər.

Sentyabrın 2-də Bakıya gələn fotoqraflar Dövlət Bayrağı Meydanında, Dənizkənarı Milli Parkda çəkilişlər aparıblar. Sentyabrın 3-də türkdilli ölkələrin foto ustaları Şəhidlər xiyabanında, Filarmoniya bağında, şəhərin müxtəlif məkanlarında olub, paytaxtımızda inşa edilən yeni binaları, hotelləri, fotoobyektivin yaddaşına köçürüblər. İştirakçılar turistlərin maraq göstərdiyi "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq, “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarında da olublar.

Sentyabrın 4-də görüş türkdilli ölkələrin fotoqrafları İçərişəhərdə çəkilişlər aparıblar. Daha sonra iştirakçılar 4 qrupa bölünərək respublikanın müxtəlif bölgələrinə gedəcəklər. Üç gün ərzində onlara regionların təbiət mənzərələrini, turizm obyektlərini, qədim tarixi abidələrini öz yaradıcı baxışları ilə əks etdirmək imkanı yaradılacaq.

Layihənin sonunda foto əsərlərinin geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Bu məqsədlə sentyabrın 11-də "Qalereya 1969" salonunda yekun sərgi açılacaq.

Bundan əlavə, ən yaxşı işlərdən ibarət albomun nəşr olunması da nəzərdə tutulub. Layihə iştirakçılarının Fotoqraflar Birliyində görüşünün təşkili də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR