Əbülfəs Qarayev “Avey” qoruğunda aparılan arxeoloji işlərlə tanış olub

Əbülfəs Qarayev “Avey” qoruğunda aparılan arxeoloji işlərlə tanış olub
# 20 iyul 2018 09:00 (UTC +04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji işlərlə tanış olub. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qoruqda aparılan arxeoloji işlər haqqında Əbülfəs Qarayevə məlumat verilib.

Bildirilib ki, 2015-ci ildə nazirliyin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarışlar aparmaq üçün dəvət olunub.

Yaponiyalı mütəxəssislər tərəfindən əraziyə baxışdan və müvafiq axtarışlardan sonra Avey dağında, Damcılı mağara düşərgəsinin ətrafında, Damcılı mağarası da daxil olmaqla, dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün üçtərəfli beynəlxalq memorandum imzalanıb. Memorandum Mədəniyyət Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Tokio Universiteti Muzeyi arasında bağlanıb.

Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, Neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir.

2016-cı ilin avqustunda “Avey” qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılıb. 10-a yaxın müxtəlif istiqamətdə kəşfiyyat xarakterli qazıntı işləri aparılıb.

Nazir Əbülfəs Qarayev qoruğun gələcək fəaliyyətinin daha da gücləndirilməsi, araşdırmaların davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR