Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və fransız prodüsser Daniela Lümbrozo ilə görüşüb.
Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi, həmçinin bu mədəni tədbirlərin Fransanın nüfuzlu televiziya kanallarında yayımlanması məsələləri müzakirə edilib.
Nazir qeyd edib ki, dövlət səviyyəsində, həmçinin xalqlarının bir-birinin mədəniyyətinə göstərdiyi qarşılıqlı maraq bu əməkdaşlığın uğurlu inkişafına daima təkan verir.
Paskal Mönye Fransanın Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, qarşılıqlı sərgilər keçirildiyini vurğulayaraq, Azərbaycanda prioritet verilən əməkdaşlıq sahələri sırasında mədəniyyət və turizmə xüsusi üstünlük verildiyini diqqətə çatdırılıb.