Nazirlik İran Mədəniyyət Günlərinin proqramını açıqlayıb

Nazirlik İran Mədəniyyət Günlərinin proqramını açıqlayıb
# 21 iyun 2018 11:32 (UTC +04:00)

"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018 – 2021-ci illər üçün Mədəni Mübadilə Proqramı”na əsasən 27 iyun - 1 iyul tarixində Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbir çərçivəsində İran İslam incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulub.

Bildirilib ki, İran Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə xidmət edəcək.

Mədəniyyət Günləri çərçivəsində İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad naziri doktor Seyid Abbas Salehinin başçılığı altında İranın tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfərə gələcək.

Mədəniyyət Günlərinin proqrama əsasən, iyunun 27-də Muzey Mərkəzində İran incəsənət ustalarının əl işləri, milli geyim nümunələrinin, turizm, xəttatlıq, foto və rəsm əsərlərindən ibarət sərginin açılışı, Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran mədəniyyəti günlərin rəsmi açılışı və İran Milli Orkestrinin konserti olacaq. İyunun 28-də Nizami Kino Mərkəzində tanınmış rejissor Məhəmmədrza Məcidi Taleşin “Məhəmməd: Allahın Elçisi” bədii filminin təqdimatı keçiriləcək. Həmin gün Azərbaycan Dövlət Musiqili Teatrında Titovak Teatrının “İlahi Komediya. Cəhənnəm” tamaşası (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) da nümayiş etdiriləcək.

İyunun 29-da isə Gəncə Dövlət Filarmoniyasında İran Milli Orkestrinin konserti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR