Naxçıvanda növbədənkənar parlament seçkilərinə, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisində seçkilərə start verilib. Artıq səhər saat 08:00-da səsverməyə start verilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, seçki məntəqələrində seçicilərin rahat, sərbəst, səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb.
Seçkilərində muxtar respublikada parlament seçkiləri üçün 6, ali məclisə seçkilər üçün isə 45 dairə üzrə 331 məntəqədə seçicilər səs verir.
Muxtar respublika üzrə ümumi seçicilərin sayı 288356 nəfərdir. Seçki günü, yəni bu gün 18 yaşı tamam olan seçicilərin muxtar respublika üzrə sayı 31, seçkilərdə ilk dəfə iştirak edən seçicilərin sayı isə 3891 nəfərdir.
Onu qeyd edək ki, Ali Məclisə seçkilərdə deputat mandatı uğrunda 187 nəfər namizəd mübarizə aparacaq. Onlardan 41 nəfəri qadındır. Ali Məclisə seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 452 nəfər akkreditasiyadan keçib.