Prezident İlham Əliyev: "Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik" - YENİLƏNİB

prezident ilham eliyev azerbaycan xalq cumhuriyyetinin butun demokratik enenelerine sadiqik yenilenib

“Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

Dövlət başçısı deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi: “Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistana verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.

 

Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəkdir”.

 

***

 

12:34

 

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib.

 

APA-nın məlumatına görə, dövlət başçısı bunu Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

Prezident İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini deyib.

 

Qeyd edək ki, bu il Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin iqamətgahında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib.

 

Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən ərazisi 99 908,86 km² olub, 13 983,1 km² ərazi isə mübahisəli kimi qəbul olunaraq Ermənistanla aparılacaq gələcək danışıqlar prosesində həlli nəzərdə tutulub.

 

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Cümhuriyyətin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqlənib.

 

Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Azərbaycan Xalq Cümhuriyyəti milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

 

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə geniş təbrik nitqi söyləyib.

 

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə. Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H. Ağayev rəhbərlik edib.

 

Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279