13 oktyabr dəmiryolu işçilərinin peşə bayramı günüdür. 3 əsrin sınağından uğurla çıxan Azərbaycan Dəmir Yolları (ADY) ölkənin nəqliyyat infrastrukturunun tarixində əhəmiyyətli rola malikdir. Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından sayılan polad magistralı hazırda özünün ən sürətli inkişaf mərhələsini keçməkdədir
Dəmir yollarının tarixi
144 illik tarixə malik olan Azərbaycan “polad magistralı” çox əzəmətli fəaliyyət yolu keçib. Azərbaycan dəmir yollarının yaranma tarixi neft sənayesinin inkişaf tarixi ilə bağlıdır. Uzunluğu 19 km, eni 1524 mm olan Bakı-Sabunçu-Suraxanı dəmir yolunun inşası 1878-ci ilin sonunda başlayıb. Dəmir yolu Sabunçu və Suraxanı mədənlərini Bakının neft zavodları və dəniz limanı ilə birləşdirirdi. 1880-ci il yanvarın 20-də Bakı- Sabunçu-Suraxanı dəmir yolunun təntənəli açılışı oldu. Bu, Azərbaycanda ilk dəmir yolu idi. 1883-cü il mayın 8-də Bakı-Yelizavetpol-Tiflis magistral dəmir yolu işə salındı. Eyni zamanda Tiflisdən Batum limanına dəmir yolu çəkildi. Bakı-Yelizavetpol-Tiflis magistral dəmir yolunun davamı Tiflis-Qori- Kutaisi-Poti-Batum yolu olduğundan dəmir yolu vasitəsi ilə Xəzər dənizi ilə Qara dənizi sahilləri birləşdirildi.
1900-cü ildə Bakı-Biləcəri-Dərbənd- Port-Petrovsk dəmir yolu inşa olundu. Bununla da Azərbaycan ərazisindəki dəmir yolu Rusiyanın mərkəzi vilayətlərinin dəmir yolu ilə birləşdirildi. 1908-ci ildə Uluxanlı-Şərur-Culfa xətti inşa olundu, sonra isə bu xətt Tiflis- Aleksandropol-İrəvan xətti ilə birləşdirildi. Nəticədə dəmir yolu Azərbaycanın qərb torpaqlarını da əhatə etdi. Uluxanlı-Culfa dəmir yolu İrana yüklərin daşınmasında vacib rol oynayırdı.
1926-cı ildə Bakıda SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Elektrik dəmir yolunun üstünlükləri o dərəcədə aşkar idi ki, əhali məmnuniyyətlə ondan istifadə edirdi. 1926-31-ci illərdə Bakı-Sabunçu-Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı. 1948-ci ildə Suraxanı-Qala marşrutu ilə elektrik qatarı işə salındı. 1949-cu ilin iyununda Bakı elektrik dəmir yolunun yeni Mərdəkan stansiyası açıldı. Qala-Buzovna sahəsi işə salınmaqla Abşeronda elektrik dəmir yolu dairəvi sistem şəklində birləşdirildi.
1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyevin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və inkişafa təkan verildi. 1969-cu ilə qədər Azərbaycanda vaqon təsərrüfatında 2 vaqon deposu və bir yuma stansiyası mövcud olduğu halda, 1970-ci illərdə 9 vaqon deposu və 1 yuma stansiyası açıldı. 1975-ci ildə Azərbaycan dəmir yolunun ümumi yük dövriyyəsi 76,7 mln. ton təşkil etmişdir.
1979-cu ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam- Xankəndi dəmir yolu inşa olundu. Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Heydər Əliyev Qarabağ bölgələrinə dəmiryol xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. 1970-ci illərdə Sumqayıt-şəhər, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt və Poylu stansiyalarında yeni vağzal binaları məhz Ulu Öndərin şəxsi nəzarəti altında tikilib.
Onuda qeyd edək ki, 1979-1988-ci illərdə 3 dəmiryolçu "Sosialist Əməyi Qəhrəmanı" faxri adına, 21 dəmiryolçu isə"Lenin" ordeni layiq görülmüşlər. Həmçinin 241 nəfər "Qırmızı Bayraq" ordeni, 302 nəfər "Şərəf nişanı" ordeni, yüzlərlə dəmiryolçu isə SSRİ Yollar Nazirliyində ən ali fəxri ad olan "Fəxri dəmiryolçu” adı na layiq görülmüşdür. Bundan başqa, bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil alıblar. Beləliklə, Azərbaycan dəmir yolu ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində yüksək nailiyyətlər əldə etmişdir.
1990-ci illərin əvvəllərində ölkəmizdə baş verən böhranlı vəziyyət dəmir yollarınada ciddi təsir etmişdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi dəmir yolları sektorununda inkişafına yeni təkan verdi. Eyni zamanda qeyd etmək lazımdır ki, 18-19 iyul 1996-cı ildə Heydər Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yığıncağı keçirildi və dəmir yolundakı neqativ hallar ölkə başçısı tərəfindən kəskin tənqid olunaraq prinsipial qiymət verildi. Yaranmış gərgin vəziyyətin aradan qaldırılması üçün ciddi tədbirlər görüldü.
Ulu Öndərin layiqli davamçısı olan dövlət başçısı İlham Əliyev bu sahənin inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə 2005-ci ildən 13 oktyabr dəmiryolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Cənab İlham Əliyevin 2009-cu il 20 iyul tarixli sərəncamı ilə “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində azad edilmiş torpaqlarda başladılan genişmiqyaslı bərpa və quruculuq işləri dəmir yollarını da əhatə edir. 2021-ci ildə Horadiz–Ağbənd və Bərdə–Ağdam dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb. Beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq. Eyni zamanda qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km də Azərbaycan Respublikasının müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa olunur. Uzunluğu 144 metr olan qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib.
Dəmiryolçuların “Vətən Müharibəsində” əvəzedilməz xidməti
XIX əsrin sonlarında dəmir yolları müharibənin strateji vasitələri sırasına daxil edilib. Əsasəndə I və II dünya müharibələrində dəmir yollarının əhəmiyyəti daha çox hiss edilirdi. Belə ki, həm maddi texniki təchizatın, həm də canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında Azərbaycan dəmir yolları mühüm rol oynayırdı. 1941–1945-ci illərdə Azərbaycan dəmir yolları ilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərilmişdi. Eyni zamanda SSRİ-nin işğal edilmiş ərazilərindən təxliyə olunmuş zavod və fabriklərin, qaçqınların ölkənin ucqarlarına çatdırılmasında, eləcə də canlı qüvvənin cəbhə bölgəsinə daşınmasında dəmir yolları mühüm əhəmiyyət kəsb edirdi.
44 günlük Vətən müharibəsində də dəmiryolçular həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Bu dövrdə ADY ilə cəbhə bölgəsinə çoxlu sayda texnika, silah və sursat daşınırdı. Silah və sursatdan başqa, dəmir yolları ilə strateji xarakterli məhsullar, ərzaq və sənaye məhsulları da göndərilirdi. Hərbi texnikanın, qida məhsullarının və yanacağın vaxtında cəbhə bölgəsinə çatdırılmasının əhəmiyyəti hər kəsə bəllidir. 44 günlük Vətən müharibəsində öz işlərinin öhdəsindən gəlmək üçün dəmiryolçular gecə-gündüz fədakarlıqla çalışıblar.
Onuda qeyd edək ki, 44 günlük vətən müharibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin 300-ə yaxın əməkdaşı döyüşüb, onlardan 125 nəfər müxtəlif medallarla təltif edilib. Dörd dəmiryolçu isə şəhidlik zirvəsinə ucalıb.
Dəmir yollarının iqtisadiyyatda rolu
Azərbaycanın dəmir yolları tarixi bir layihə olmaqla, dövlətlərarası münasibətlərin və ticarətin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Neft sənayesinin inkişafı ilə yaranan polad magistrallar beynəlxalq iqtisadi əlaqələrdə sənaye və kənd təsərrüfatının, ağır sənaye sahələrinin inkişafında, biznes və məşğulluq sahəsində də xüsusi təsirə malikdir. Ölkələrin iqtisadi münasibətlərində idxal və ixrac əməliyyatlarının nə qədər əhəmiyyətli olduğu hər kəsə bəllidir. Azərbaycanın idxal və ixrac əməliyyatlarında yüklərin daşınması zamanı dəmir yolları əhəmiyyətli rola malikdir. Belə ki, 2023-cü ildə ölkəyə idxal edilən 12 milyon 176.5 min ton yükün 40%-i və ya 4.6 milyon tonu, ölkədən ixrac edilən 51.2 milyon ton yükün 3.2 milyon tonu isə ADY ilə daşınıb. İdxal əməliyyatlarında yüklərin daşınmasında dəmir yolları birinci yerdə, ixrac əməliyyatlarında stasionar nəqletmə vasitələrindən sonra 2-ci yerdədir.
Statistik göstəricələrə diqqət yetirsək görərik ki, 2023-cü ilin yanvar-dekabr aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 32805,9 min ton olub. Yüklərin 14759,3 min tonu və ya 45%-i dəmir yolu nəqliyyatı, 9553,8 min tonu və ya 29,1%-i avtomobil nəqliyyatı, 8492,8 min tonu və ya 25,9%-i dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 56,8%-ni və ya 18640,4 min tonunu tranzit yüklər təşkil edib. Ümumilikdə isə ötən il dəmir yolu nəqliyyatı ilə 18,3 milyon ton yük daşınıb.
Dəmir yolları təkcə beynəlxalq əlaqələrin inkişafında deyil, həm də daxili iqtisadiyyatın da güclənməsində mühüm rola malikdir. Rayonlararası dəmir yolları xətlərində yükdaşımaların həyata keçirilməsi əslində həm resurların səmərəli bölüşdürülməsinə, həm də daxili iqtisadiyyatda gəlirlərin əldə edilməsinə şərait yaradır.
Dəmir yollarının beynəlxalq münasibətlərdə əhəmiyyəti
Qədim İpək yolunun keçdiyi Azərbaycanın ərazisi tarixən dövlətləri birləşdirən nəqliyyat dəhlizlərin kəsişdiyi bir məkan olub. Müasir dövrdə də iqtisadi-ticari yolların əhəmiyyəti öz vacibliyini qoruyub saxlayır. Qloballaşan dünyada ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Təbii ki, dəmir yolunun inkişafı ölkənin həmin strateji rolunu möhkəmləndirən və artıran mühüm amillərdən biridir. Ümummilli Liderin əməyi nəticəsində 1996-ci ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. 1998-ci il sentyabrın 7-9-da Böyük İpək Yolunun dirçəldilməsinə həsr olunmuş beynəlxalq konfrans ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində keçirildi. 13 dövlətin və 32 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi konfransda Bakı bəyannaməsi qəbul edildi.
Son dövrlər ölkəmizdə nəqliyyat sahəsində görülən işlər Azərbaycanın tranzit və logistika sahəsində aparıcı ölkələrdən birinə çevrilməsinə şərait yaradır. Artıq bir sıra iri nəqliyyat infrastruktur layihələri reallaşdırılıb və reallaşdırılır.
Çindən Avropaya və Yaxın Şərqə yükdaşımaların həyata keçirilməsində ən sərfəli və təhlükəsiz marşrut olan Orta Dəhliz böyük əhəmiyyət kəsp edir 2007-ci il fevralın 7-də Tbilisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Gürcüstanın Prezidenti və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş görüşdə “Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti haqqında” üçtərəfli Saziş imzalandı. Bu hadisədən on il sonra 30 oktyabr 20217-ci ildə BTQ-nin Bakıda açılış mərasimi baş tutdu. Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev qeyd edib ki, “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq”.
2017-ci ildə istismara verilən BTQ dəmir yolunun genişləndirilməsi və layihə üzrə işlərin tamamlanması məqsədilə 2022-ci ilin sonunda layihə yenidən qiymətləndirildi və yeni layihə planı hazırlandı. BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşdı. Bu ilin mayın 20-sindən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilib. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək idi. İndi ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsini daşıya bilir.
Eyni zamanda qeyd etmək lazımdır ki, Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında Birgə Müəssisə yaradılıb. Çin mənşəli yüklərin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınması bərpa olunub. Bu məqsədlə konteyner daşımalarının blok qatar şəklinə salınması və təyinatı üzrə birbaşa göndərilməsi təmin olunub. Çindən idxal və tranzit yükü ilə yola düşən konteyner blok qatarlar Orta Dəhlizlə ortalama 8-10 gün ərzində ölkəmizə çatıb ki, bu da ənənəvi marşrutlarla çatdırılma vaxtından təxminən iki dəfə (15-18 gün) azdır.
Xatırladaq ki, Orta Dəhliz üzrə yük daşımalarının həcmi hər il artmaqdadır. Belə ki, ötən il Orta Dəhliz vasitəsilə 2,7 milyon tondan çox yük daşınıb və 2022-ci illə müqayisədə 86% çox olub. Bu ilin yanvar-avqust aylarında isə adıçəkilən dəhlizlə yükdaşıma həcmi 28% artaraq 2,2 milyon tonu ötüb və ilin sonuna qədər 4,2 milyon tona çatacağı gözlənilir.
Orta Dəhlizin Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Çindən Avropaya və geriyə yüklərin daşınmasında aparıcı marşrut kimi özünü təsdiqləyib. Lakin artan ticarət həcmləri və daha səmərəli logistika həllərinə ehtiyac infrastrukturun daha da genişləndirilməsini, marşrutların şaxələndirilməsini tələb edir. Bu istiqamətdə ən vacib addımlardan biri də strateji əhəmiyyətli nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələri – Çin, Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən Avrasiya Nəqliyyat Marşrutu (ANM) üzrə Beynəlxalq Assosiasiyanın yaradılmasıdır. Şərq-Qərb nəqliyyat dəhlizinə, xüsusilə də Orta Dəhlizə baxdıqda Avrasiya Nəqliyyat Marşrutunu Orta Dəhlizin cənub qolu adlandırmaq olar. Yeni marşrut üzrə, xüsusilə Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan yüklərin Orta Dəhlizə cəlb olunması ilə Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində daşımaların daha da artacağı gözlənilir. Eyni zamanda Yeni yaradılacaq Assosiasiya Türkiyə məhsullarının Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiya bazarlarına çatdırılmasına da töhfə verəcək.
ADY Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə də əhəmiyyətli layihələri reallaşdırmaqda davam edir. Belə ki, ADY Şimal-Cənub Dəhlizi üzrə yükaşırmaların sürətlə həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Astara rayonunda yerləşən yük həyətinin rekonstruksiya işlərini uğurla başa çatdırıb və həmin ərazidə Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi tərəfindən gömrük nəzarəti təşkil edilib.
5,5 hektar ərazidə yerləşən terminalda Dövlət Gömrük Komitəsi ilə birgə gömrük məntəqəsi yaradılıb, məntəqəyə sürətli internet xətti çəkilib, bütün lazımi avadanlıq və kompüterlər quraşdırılıb. Terminalın əsas üstünlüklərindən biri də qəbul edilən yüklərin daşınması və aşırılması üçün yük sahiblərinə endirimli tariflərin tətbiq olunmasıdır. İlkin hesablamalara görə, Astara Terminalının işə düşməsi Şimal-Cənub marşrutu üzrə tranzit yükdaşımaları cari ilin sonuna kimi 10-15%-ə qədər artırmağa imkan verəcək.
Dəmir Yollarının sərnişin daşımada əhəmiyyəti
XIX əsrin sonlarında vağzal binası, əsasən, neft mədənləri və neft limanına fəhlələrin daşınması üçün nəzərdə tutulduğundan turist qismində gələn sərnişinlərin qəbulu üçün yararlı deyildi. Buna görədə Bakı şəhərinin müasir dəmir yolu vağzalına ehtiyac var idi. Beləliklə 1 884-cü il yanvarın 10-da Bakının "Tiflis dəmir yolu vağzalı"nın təntənəli açılışı keçirildi. Bakı "Tiflis vağzalı" imperiyanın ən gözəl vağzallarından sayılırdı. 1888-ci il oktyabrın 8-də Bakı vağzalına imperator qatarı gəldi. Qatarda imperator III Aleksandr, imperatriçə Mariya Fyodorovna, onların iki oğlu və müşayiət edən şəxslər var idi. Bakının dəmir yolu vağzalı imperator ailəsinin də çox xoşuna gəlmişdir. XIX əsrin sonlarından müasir dövrə kimi ADY sərnişin daşınmasında ölkənin nəqliyyat sistemində xüsusi rola malikdir. Sərnişin daşınmada müxtəlif inkişaf mərhələləri keçən ADY hal-hazırda yüksək inkişaf dövrünü yaşayır.
Sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə “ADY tərəfindən İsveçrənin “Stadler Rail Group” şirkətindən sifariş edilən KİSS markalı ikimərtəbəli elektrik qatarları ilk dəfə Azərbaycana 2015-ci ildə gətirilib. Həmin qatarlar 2015-ci il sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə hərəkətə buraxılıb və qatarın yolasalma mərasimində Prezident İlham Əliyev iştirak edib. Bu qatarlar Abşeron dairəvi dəmir yolu xətti, Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edir. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verilib. 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verilib.
2021-ci il may ayının 15-də ölkə başçısı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub. 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı 2023-cü il martin 18-dən sərnişin daşımalarını həyata keçirir. Həmçinin ADY ötən ilin mart ayından etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirir. Belə ki, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunur. Eyni zamanda sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə cari ilin iyun ayında ADY sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verib.
Qeyd edək ki, ADY cari ilin iyun ayının 14-dən etibarən İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verib. Yeni istismara verilmiş birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart, standart plyus, biznes və birinci sinif yerlər mövcuddur. Xidmət keyfiyyətinin yüksəldilməsi baxımından qatarlar geniş bar-vaqon salonuna malikdir və hər bir sərnişin rahatlıqla bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər, qəlyanaltılar əldə edə bilər. Sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. Yeni qatarlarda da fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur.
Ekoloji məsuliyyətini artırmaq baxımından davamlı işlər görən ADY infrastruktur quruculuğunda təbiətə mənfi təsirlərin minimuma endirilməsi, tullantı sularının səmərəli idarə olunması, təmiz enerji mənbələrindən istifadə, həmçinin kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması istiqamətində dayanıqlı həllər təklif edir. Bu istiqamətdə ilk addımlardan biri Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarlara kağız biletlərin satışının dayandırılması olub. Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan “ADY Mobile” tətbiqi istifadəyə verilib. Görülmüş işlərin nəticəsində hazırda sərnişinlərin 70%-i biletləri onlayn qaydada əldə edir.
Statistik göstəricilərə nəzər salsaq görərik ki, 2023-cü ildə ilk dəfə olaraq il ərzində dəmir yolları ilə 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfədən çoxdur. Eyni zamanda bu ilin 9 ayında 5 milyon 984 min sərnişin daşınıb ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.7% çoxdur.
Sonda isə qeyd edək ki, 3 əsrlik inkişaf yolu keçən ADY ölkənin yük və sərnişin daşınmasında önəmini artırmaqda davam edir.