ABŞ azərbaycanlıları Barak Obamaya «Xocalı Faciəsi» ilə bağlı müraciət ünvanlayıb

ABŞ azərbaycanlıları Barak Obamaya «Xocalı Faciəsi» ilə bağlı müraciət ünvanlayıb
# 30 yanvar 2010 04:57 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Amerikada yaşayan yüzlərlə Azərbaycanlı və ABŞ vətəndaşları ölkə prezidenti Barak Obama, vitse-prezident Co Bayden, ABŞ Konqresmenləri və digər dövlət rəsmilərinə «Xocalı soyqırımı»nın xatırlanması ilə bağlı məktub ünvanlayıblar.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, ABŞ-ın Azərbaycanlı Diasporası «Xocalı soyqırımı»nın 18-ci ildönümü ilə əlaqədar yeni kampaniyaya başlayıb.
Həmin məktubda, ötən əsrin ən böyük qırğınlarından birini yada salmaq və bu məsələ ilə əlaqədar dəstəyə ehtiyacı olanlara yardım edilməsi xahiş olunur.
Qırğının tarixini xatırladan müəlliflər qeyd edirlər ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə, erməni hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini mühasirəyə alandan sonra hücuma keçərək şəhərdən qaçıb gizlənməyə cəhd edən sakinlərini vəhşicəsinə qətlə yetiriblər.
O zaman «Newsweek» Jurnalının verdiyi xəbərə görə, bu qanlı hadisə nəticəsində “bir çox insan qaçıb gizlənməyə cəhd edərkən yaxından qətlə yetirilib; bəzilərinin üzləri tanınmaz hala salınıb, bəzilərinin baş dərisi soyulub”, 106 qadın və 83 uşaq daxil olmaqla 613 nəfər şaxtalı havada işgəncələrlə qətlə yetirilib, yüzlərlə insan hələdə itkin düşmüş sayılır. 1000 nəfərdən artıq insanın sağlamlığına zərər dəyib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib. Ümumilikdə, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq isə valideynlərindən birisini itirmişdir. Məktubda deyilir ki, Human Rights Watch təşkilatının verdiyi hesabata görə, Dağlıq Qarabağ münaqişəsi başladığı gündən «Xocalı faciəsi» ən kütləvi qırğın hesab olunur.
Daha sonra məktubda deyilir: “Serebrinitsa qırğını kimi törədilmiş hərbi cinayət Xocalıdan sonra baş verməsinə baxmayaraq, 17 il keçsə də bu insan faciəsinə nə beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqət yetirilib, nə də ki, müstəqil hüquqi qiymət verilib.
Erməni tərəfi törədilmiş kütləvi qırğın faktını təkrarən inkar etsə də, bu fakt vaxtilə Dağlıq Qarabağda erməni hərbi birləşmələrinə komandanlıq etmiş və indidə Ermənistan prezidenti vəzifəsini tutan Serj Sarqsyan tərəfindən təkzib olunur: “Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini zənn edirdilər. Onlar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir deyil. Amma biz bu stereotipi qıra bildik” (Thomas De Waal. Qara Bağ: Ermənistan və Azərbaycan Sülh və Müharibədən keçərkən, NYU Press, 2004). Bir çox cinayətlərdə şübhəli bilinən cinayətkarlar hələ də Ermənistanda və ermənilərin nəzarət etdikləri Azərbaycan torpaqlarında qalmaqdadır.
Amma BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə (#822, 853, 874, 884) baxmayaraq Azərbaycan torpaqları işğal altında qalmaqda davam edir. Bu isə həm hərbi cinayətlərin keçmişini təhqiq etməyə, həm də, beynəlxalq ictimaiyyətin bölgəyə uzunmüddətli sülh gətirmək cəhdlərinə mane olur».

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR