Azərbaycanda 1920-ci ilin 28 aprelində baş verən çevrilişlə bağlı əsər Litvada yayımlanmağa başlayıb

Azərbaycanda 1920-ci ilin 28 aprelində baş verən çevrilişlə bağlı əsər Litvada yayımlanmağa başlayıb
# 27 aprel 2010 11:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda 1920-ci ilin 28 aprelində baş verən çevrilişin iç üzünü açan keçmiş Litva konsulunun əsəri Litva, Azərbaycan və rus dillərində yayımlanmağa başlayıb. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, erməni daşnak qüvvələrinin başda Anastas Mikoyan (1895-1978) olmaqla iştirakı ilə RSFSR-in XI ordusunun təcavüzü nəticəsində müstəqil Azərbaycan Respublikasının bolşeviklər Rusiyası tərəfindən 28 aprel 1920-ci ildə zəbt və süqut edilməsinin 90-cı ildönümü ilə əlaqədar olaraq Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə bu ölkədə bir sıra təbliğat tədbirləri həyata keçirilir. Aksiyalar çərçivəsində Litva ədəbiyyatının məşhur klassiki Vintsas Kreve-Mitskəviçyusun 28 aprel 1920-ci il çevrilişindən sonra, Azərbaycan xalqının bu faciəsi haqqında yazdığı “Bolşeviklər” adlı sənədli siyasi oçerki Litva dilindən Azərbaycan və rus dillərinə çevrilərək müvafiq şərhlərlə bu günlərdə ölkə mətbuatı ilə yayımlanır. V. Krevenin “Bolşeviklər” əsərini Litva dilindən Azərbaycan və rus dillərinə Litva azərbaycanlıları cəmiyyətinin və Litva Milli İcmalar Şurasının sədri Mahir Həmzəyev tərcümə edib.
V. Kreve-Mitskəviçyus (1882-1954) Bakı “1-ci realnıy” məktəbində 1909-1920-ci illərdə müəllim işləyib. O, eyni zamanda burada ictimai-siyasi və mədəniyyət xadimi kimi fəaliyyət göstərib, Litva-Azərbaycan ədəbi-mədəni əlaqələrinin və ictimai-siyasi münasibətlərinin inkişafına qiymətli töhfələr verib. Azərbaycanda Vikentiy İosifoviç Mitskeviç kimi tanınan bu litvalı xadim 1912-ci ildə Bakı Xalq Universitetini yaradanlardan biri olub. Eserlər partiyası Bakı şəhər komitəsi rəhbərliyinin nümayəndəsi olaraq 1917-1918-ci illərdə Bakı şəhər Dumasına deputat seçilib.
Bununla yanaşı, Vintsas Kreve 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de-fakto tanınmasında bir sıra faydalı işlər görüb. O, 1919-1920-ci illərdə Bakıda Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində konsulu vəzifəsində çalışıb.
V. Kreve 1920-ci ildə Azərbaycanda 28 aprel çevrilişinin bilavasitə şahidi olub. O, “Bolşeviklər” siyasi oçerkini real tarixi faktlara əsaslanaraq yazıb və bu əsərdə həmin dövrdə Azərbaycanda baş vermiş ictimai-siyasi proseslər əksini tapıb. V. Kreve öz əsərində 28 aprel çevrilişinin siyasi, ideoloji və hərbi aspektlərini açıq göstərib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR