DAK adı ilə fəaliyyət göstərən qurumlar arasında qarşılıqlı ittihamlar yenidən başlayıb

DAK adı ilə fəaliyyət göstərən qurumlar arasında qarşılıqlı ittihamlar yenidən başlayıb
# 11 yanvar 2011 14:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “DAK-ın sonuncu qurultayında birlik komissiyası yaradılıb. Yəni biz birləşmənin tərəfdarı kimi ən yüksək səviyyədə çıxış etmişik. Xaricdə yaşayan Azərbaycan türkləri də bu təşkilatın birləşməsini istəyir. Azərbaycan diasporunun uğurunu ən böyük diaspor təşkilatı olan DAK-ın birləşməsində görürəm. Heç olmasa digər millətlərin bu istiqamətdəki fəaliyyətinə baxsınlar”. Bu sözləri APA-ya açıqlamasında Dünya Azərbaycanlıları Konqresi (DAK) adı ilə fəaliyyət göstərən qurumlardan birinin fəxri sədri olan Qulamrza Səbri Təbrizi deyib. O bildirib ki, 2007-ci ildə DAK-da parçalanmanın bünövrəsi Sabir Rüstəmxanlı tərəfindən qoyulub və bu şəxs təşkilatı iki yerə ayıraraq onun bir hissəsinə rəhbərlik edib: “DAK-ı parçalayanlar maddi maraqlarını güdərək bu işi gördülər”.

DAK-ın digər qanadının həmsədri Sabir Rüstəmxanlı isə həm mətbuatda, həm də Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qurumda məsələyə yanaşmaların düzgün olmadığını söyləyib: “Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi qurumun həmsədri olan Əhməd Obalı vaxtilə Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) DAK-la birləşmək niyyətində olan üzvlərinin imzaladığı sənədi bir müddət öncə mətbuatda dərc etdirib. Sənədi DAK tərəfindən mən, DDAK tərəfindən isə Əhməd Obalı imzalayıb. Bu sənəd əvvəllər də mətbuatda çap olunub. Yəni 4 il öncə birləşmə niyyətimizi sənədləşdirmişdik. Bu nə deməkdir? Neçə illər öncə imzalanan sənədi saxtalaşdırmaq və yalan danışmaq olmaz. Zorla, mətbuatın yazdığı yazılarla təşkilat birləşməz. Dünyada yüzlərlə diaspor təşkilatı var. İmkan verək, hərə öz işini görsün”.

S. Rüstəmxanlının sözlərinə görə, birləşmək məsələsi təkcə ondan asılı deyil: “Müəyyən qüvvələr maraqlıdır ki, DAK-ın Azərbaycan qanadı kəsilsin. Yəni Sabir Rüstəmxanlı və digərləri kənarlaşsınlar. Bunu da İrana görə etmək istəyirlər, əsas niyyət budur. İran isə Azərbaycan prezidentindən tutmuş, əksəriyyətimizi ittiham edir. Özlərini DAK sayanların əksəriyyəti gecə-gündüz İrana səfər edib alverlə məşğuldur. Lakin onların adı çəkilmir. Deməli, Dünya Azərbaycanlıları Konqresi bizik”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR