20 Yanvar hadisələrinin ildönümü dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən qeyd olunur

20 Yanvar hadisələrinin ildönümü dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporu tərəfindən qeyd olunur
# 17 yanvar 2011 15:37 (UTC +04:00)
Bakı-APA. 1990-cı ilin 20 Yanvar hadisələrinin 21-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində azərbaycanlılar anım mərasimləri keçirir, şəhidlərin xatirəsini yad edirlər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 20 Yanvar şəhidlərinin xatirəsi hər il olduğu kimi bu il də Rusiya Federasiyasının bir neçə şəhərində anılacaq. Moskvadakı Bakı kinoteatrında Azərbaycanın Rusiyadakı Səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək. Konrqesin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-ude, Samara, Tula, Ufa, Novosibirsk, Vladivostok, Həştərxan və digər şəhərlərdəki regional təşkilatları 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər. Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə təşkil edəcəyi mərasimdə şəhidlərin xatirəsi anılacaq.
Konqresin Xarkov, Donetsk, Dnepropetrovsk və digər bölgələrindəki regional qurumları da anım tədbirləri keçirəcəklər.

Şəhidlərin xatirəsi Minskdə, Amsterdamda, Strasburqda, Helsinkidə, Tallində, Budapeştdə, Kişinyovda, Praqada də anılacaq.
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti də 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirərək sənədli videokadrlar nümayiş etdirəcək.
İsveçin Yüteborq şəhərində isə Azərbaycan Federasiyası İsveç (AFİ) faciənin 21-ci ildönümünü anacaq.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Berlin-Azərbaycan Evi ilə birlikdə „Azadlığa aparan yol“ adlı anım mərasimi təşkil edəcək.

20 Yanvar faciəsini anma mərasimlərinə Kanadadakı Kvebek Azərbaycanlıları Assosiasiyası, ABŞ-ın Nyu York şəhərindəki “Amerika Azərbaycanlıları Cəmiyyəti”, Azərbaycan Nyu-York Assosiasiyası, Los-Anclesdə “Amerika-Azərbaycan Şurası”, Hyuston–Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası da keçirəcəkləri tədbirlərlə qatılacaq.
İsraildə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) anım tədbiri keçirib.
Tədbirdə faciənin tarixinə nəzər salınıb, şəhidlərin xatirəsi yad edilib. Assosiasiyasının prezidenti İ. Şaqal Azərbaycandan köçmüş yəhudilərin bu qanlı hadisəni hər zaman hüznlə xatırladıqlarını və Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirib. O qeyd edib ki, həmin gecədə arasında yəhudi xalqının nümayəndələri-məktəbli Vera Bessantina və Təcili yandım xidmətinin həkimi Aleksandr Marxevka da şəhid olub.

Faciənin 21-ci ildönümü Türkiyənin müxtəlif yerlərində də qeyd olunacaq. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına (TADEF) üzv olan təşkilatlar İstanbul, İzmit, İzmir, Manisa, Çanaqqala, Bakıkesir, Muğla, İqdır, Adana, Hatay, Aydın, Kocaeli və digər şəhərlərdə anım tədbirləri keçirəcəklər.

Yanvarın 19-da Gürcüstanın Marneuli şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirəcək, fotosərgi və bədii kompozisiya təşkil edəcək.

Daşkənddə “Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası”, Astanada Qazaxıstan Azərbaycanlıları İttifaqı bu ölkədəki Azərbaycan səfirliyi ilə birlikdə, Almatıda isə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası, Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu” Səfirliyimizə birgə anım tədbirləri keçirəcəklər.

Birləşmiş Ərəb Əmirliklərindəki “Azərbaycan Cəmiyyəti” də 20 Yanvar qırğınının 21-ci ildönümünü və faciə qurbanlarının xatirəsini anacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR