Avstraliyada Azərbaycan və Türk diasporu tərəfindən Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil olunub - FOTO

Avstraliyada Azərbaycan və Türk diasporu tərəfindən Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil olunub - <font color=red>FOTO</font>
# 26 fevral 2011 16:11 (UTC +04:00)
Sidney. Elmin İbrahimov - APA. Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının qurbanları bir neçə tədbirdə anılıb.
APA-nın məlumatına görə, bu gün Türk Dayanışma Dərnəyində (Turkish House) Azərbaycan, Türkiyə, Uyğur, Türkmən və digər türk toplumlarının, yerli ictimaiyyətin nümayəndələrinin, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə anım tədbiri keçirilib.
Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin və “Azərbaycanın səsi” radiosunun təşəbbüsü ilə keçirilən tədbirdə Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanaraq yerli diasporaya göndərilən videomateriallar nümayiş olunub, kitablar və broşürlər paylanıb.
Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin prezidenti İmaməddin Qasımov iştirakçılara Xocalı soyqırımının dəhşətləri haqqında məlumat verərək, Türkiyə-Azərbaycan birliyinin bu hadisənin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadığını vurğulayıb.
O, 1992-ci ilin 26 fevral gecəsi keçmiş sovet ordusunun yardımı ilə erməni silahlılarının Xocalı şəhərində törətdiyi vəhşiliklərin əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olduğunu deyərək, bu cinayətin təkcə Azərbaycan türklərinə qarşı deyil, bütün türk dünyasına qarşı həyata keçirildiyini vurğulayıb.
Artıq 18 ildir efirə çıxan yerli “Azərbaycanın səsi” radiosunun rəhbəri Gülzar Qasımova isə son üç həftə ərzində Xocalı faciəsi ilə bağlı xüsusi proqram yayımladıqlarını və dinləyicilərə ətraflı məlumat verdiklərini deyib.
O, Xocalı soyqırımı zamanı 63-ü uşaq və 106-sı qadın olmaqla 613 nəfərin vəhşicəsinə öldürüldüyünü qeyd edərək, bu hadisənin XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu qeyd edib. Digər çıxış edənlər də Ermənistanın Azərbaycana qarşı təcavüzünü və hələ də Azərbaycanın ərazisinin 20%-ni işğal altında saxladığını pisləyiblər.
Tədbirin sonunda Azərbaycan və Türkiyə icmalarının azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Avstraliya ictimaiyyətinə çatdırılmasında koordinasiyalı rolu və gələcək planları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda Xocalı faciəsi qurbanlarının xatirəsi bu gün hazırda iqtidarda olan Leyboristlər Partiyası nümayəndələrinin Avstraliyanın Yeni Cənubi Uels (YCU) ştatının 55-ci çağırış parlament seçkiləri öncəsi Türkdilli xalqların kompakt yaşadığı Obern (Auburn) qəsəbəsindəki görüşündə də yad edilib. Obern dairəsindən YCU ştat parlamentinin üzvi və yerli hakimiyyətlər naziri xanım Barbara Peri, Parramatta dairəsindən federal parlamentinin üzvü xanım Culi Ouens, Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Con Möfi, Türkiyənin Avstraliyadakı baş konsulu Gülseren Çelik, konsulluğun digər rəsmiləri və yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Xocalı faciəsi və Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verilib. İ.Qasımov qonaqlara erməni təcavüzü və terrorundan bəhs edən kitabı təqdim edib.
Qeyd edək ki, dünən Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyəti və Türk Quruluşları Federasiyasının təşkilatçılığı ilə Avstraliyanın ən böyük məscidi olan Gelibolu Camisində 3000-dən artıq insanın iştirak etdiyi cümə namazından öncə də Xocalı faciəsi barədə ətraflı məlumat verilib, Xocalı qurbanlarının ruhuna “Yasin” oxunub və dualar edilib.
Bundan öncə isə “Turkishnewsweekly” dərgisinin 23 fevral sayında Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Xocalı faciəsinə həsr olunmuş məqalə dərc olunub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR