Böyük Britaniya Parlamentinin bir qrup üzvü cəbhəyanı yaşayış məntəqələrinə səfər ediblər

Böyük Britaniya Parlamentinin bir qrup üzvü cəbhəyanı yaşayış məntəqələrinə səfər ediblər
# 28 may 2011 16:22 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya Parlamentinin bir qrup üzvü Ağdam rayonun cəbhəyanı yaşayış məntəqələrinə səfər ediblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətindəki görüşdə qonaqlara cəbhə bölgəsindəki mövcud vəziyyət haqda, ermənilərin dinc sakinlərə atəş açması barədə məlumatlar verilib. Daha sonra britaniyalı parlamentarilər cəbhə xəttinə yaxın kənddə yerli sakinlərlə görüşüblər.

Britaniyalı deputat Mark Field bildirib ki, Azərbaycana 5 günlük səfərləri çərçivəsində cəbhə bölgəsinə gəlib, hər şeyi özləri görmək istəyiblər: “Biz burada, Azərbaycanın çox gözəl məkanında insanların qaldırdığı haqlı və ədalətli problemləri dinlədik. İstəyirik ki, bu 20 illik münaqişə həllini tapsın, insanların, xüsusilə uşaqların firavan və xoşbəxt gələcəkləri olsun.”

Öz anasının da 15 yaşlarında iki dəfə qaçqınlıq həyatı yaşadığını, qaçqınlığın insanlara vurduğu mənəvi zərbənin mahiyyətini yaxşı bildiyini deyən ingiltərəli deputat insanların dinc qonşuluq şəraitində yaşamasını arzuladığını ifadə edib. Anasının 80 yaşında öz doğma yurd-yuvasını görmədən həyatdan köçməsinin indi də onu ağrıtdığını deyən parlamentari bildirib ki, Azərbaycanda gördüklərini, eşitdiklərini Böyük Britaniya ictimaiyyətinə olduğu kimi çatdıracaq.

Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, lord Con Kuluni isə deyib ki, Azərbaycan xalqının üzləşdiyi haqsızlıqlarla yaxından tanışdır: “Mən ilk dəfə azərbaycanlılar qaçqın-köçkün düşəndə burda olmuşam. O vaxtlar insanların üzləşdiyi çətinliklərin şahidiyəm. Mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm. Britaniya parlamentində dəfələrlə Azərbaycanın lehinə çıxışlar etmişəm.”

Ölkəsində ermənilərin çox az dəstəyə malik olduğunu deyən lord Kuluni soyqırım məsələsində də Böyük Britaniyanın türklərin yanında olduğunu, ermənilərin bu iddialarının ölkəsi tərəfindən dəstəklənmədiyini söyləyib.

Qarabağ münaqişəsinin həllində İngiltərənin mövqeyinə gəlincə, britaniyalı diplomat belə deyib: “Biz belə düşünürük ki, Ermənistan bu münaqişənin həlli üçün cəhdlərini artırmağı başa düşməlidir. Ermənilər başa düşməlidirlər ki, Qarabağ münaqişəsinin həlli onlar üçün həm də böyük iqtisadi məsələlərin həlli deməkdir, ermənilər özlərini bundan məhrum edirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR