Tale Heydərov: “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ ənənələrinin və mədəniyyətinin məhv olmaq təhlükəsi qarşısında olduğunu diqqətə çatdırmaq istədik” - FOTOSESSİYA

Tale Heydərov: “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qarabağ ənənələrinin və mədəniyyətinin məhv olmaq təhlükəsi qarşısında olduğunu diqqətə çatdırmaq istədik” - <font color=red>FOTOSESSİYA</font>
# 21 iyun 2012 10:20 (UTC +04:00)
Bakı – APA. Almaniyanın EDSOR Berlin Moda Evi Qarabağ atlarının şəkilləri, Qarabağ xalçalarından götürülmüş naxışların əks olunduğu italyan ipəyindən hazırlanmış yüksək keyfiyyətli əl işlərini - qalstuk, cib dəsmalı və şərfləri təqdim edib. Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəstəyi ilə hazırlanmış kolleksiya iyunun 19-da Berlinin mərkəzində yerləşən tarixi “Hotel de Rome”-da təqdim olunub. AAC-dan APA-ya verilən məlumata görə, moda və biznesin, siyasət və ictimaiyyətin 500-dən çox tanınmış simasının iştirak etdiyi tədbiri Almaniya televiziyaları, çoxlu sayda jurnalistlər işıqlandırıblar.

EDSOR-un meneceri Jan-Henrik Scheper-Stuke bildirib ki, kolleksiya Azərbaycanın Qarabağ bölgəsindən ilham alıb: “Bu layihə və Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi Azərbaycana marağımızı daha da artırıb. Biz bu ölkə haqqında daha çox bilmək istəyirik. Mən zərifliyi tərənnüm edən belə bir tədbirin Berlində baş tutacağına inanmırdım. Ona görə də layihəni reallaşdırmaq üçün Azərbaycana müraciət etdik. Mən Qarabağ-Azərbaycan mövzusuna heyran oldum. Ümid edirəm ki, bu, EDSOR və AAC-ın birlikdə həyata keçirəcəkləri layihələrin ilki olacaq.”

AAC-ın sədri və təsisçisi Tale Heydərov isə çıxışında EDSOR Berlin moda evinin 1909-cu ildən məhsullarını siyasətçilərə, kino ulduzlarına və ictimaiyyətə təqdim etdiyini bildirib: “Məhz bu irs EDSOR-u Qarabağ-Azərbaycan mövzusunda şərflərin, cib dəsmallarının və qalstukların hazırlanmasında ideal tərəfdaşa çevirdi. Bu gün biz Azərbaycanın ən gözəl guşələrindən birini - Qarabağı təsvir edən yeni kolleksiyanın təqdimatında iştirak edirik.

Qarabağ Azərbaycanın bir sıra məşhur şairlərinin, müəlliflərinin, rəssamlarının və bəstəkarlarının vətənidir. Bu gün təqdim olunan qalstuk və cib dəsmallarında elementlərindən istifadə edilmiş Qarabağ xalçaçılıq məktəbi gözəlliyi ilə seçilir. Bölgə həm də özünün cıdır və minik atları ilə məşhurdur. Qədim zamanlardan yalnız bu regionda yetişdirilmiş Qarabağ atları başlarındakı qızılı rəng çalarları ilə tanınır. Şərflərin üzərində bu atların atletik formasını görmək çox xoşdur”.

T. Heydərov bu gün Qarabağ ənənələrinin və mədəniyyətinin məhv olmaq təhlükəsi qarşısında olduğunu diqqətə çatdırıb: “Çünki bölgə qonşu Ermənistan tərəfindən işğal olunub. Bu işğal nəticəsində 1 milyona yaxın azərbaycanlı məcburi köçkünə və qaçqına çevrilib. Qarabağ-Azərbaycan mövzusunda işlənmiş bu kolleksiyanın nümunələrini geyinməklə Siz bu adamların və onların mədəniyyətinin unudulmadığını göstərəcəksiniz. Bu kolleksiyadan əldə olunmuş gəlirin bir hissəsi Azərbaycanda Şuşa uşaq musiqi məktəbi üçün musiqi alətlərinin alınmasına sərf olunacaq. Dağlıq Qarabağ bölgəsinin ən qədim şəhəri olan Şuşanın adı Azərbaycan mədəniyyəti ilə assosiasiya olunur. Artıq 20 ildir ki, bu şəhər işğal altındadır. Adı çəkilən musiqi məktəbinin məqsədi məcburi köçkün uşaqlarına təhsil verərək bu mədəniyyəti yaşatmaqdır.”

İştirakçılar sonra kolleksiyanın hazırlanmasına dair filmə baxıblar. Filmdə EDSOR-un modelyeri Sammy Voigt ilə müsahibə təqdim olunub.

Tədbir musiqi və rəqslə davam etdirilib.

Qarabağ-Azərbaycan mövzusunda hazırlanmış kolleksiya haqqında daha ətraflı məlumatı www.karabakh-azerbaijan.com saytından almaq olar.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR