Təbriz-Ərzurum aviareysi açılıb

Təbriz-Ərzurum aviareysi açılıb
# 23 iyun 2012 10:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Türkiyənin «Anadolu Jet» aviaşirkəti Təbriz-Ərzurum marşrutu ilə uçuşlara başlayıb. APA-nın IRNA-ya istinadən məlumatına görə, bununla bağlı Təbriz Beynəlxalq Hava Limanında mərasim təşkil olunub. Tədbirdə Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ da iştirak edib: «Dost və qardaş torpaqlarda çox əhəmiyyətli bir başlanğıca şahidlik etməkdən məmnunam. Ərzurum və Təbriz arasındakı məsafə təyyarə ilə Ərzurum-Ankara arasındakı məsafədən çox qısadır. Əslində bu gün biz gecikmiş bir vəzifəni birlikdə yerinə yetiririk. Təbriz və Ərzurum ətraf ellərlə birlikdə böyük bir əhali potensialına sahibdir. Bu qədər bir-birimizə yaxın ikən əlaqənin zəif olması qəbul edilə bilməz. Bir-birimizə qonaq olacağıq ki, bir-birimizi daha yaxından tanıyaq».

İki ölkə arasında turizm, təhsil, səhiyyə və ticarət əlaqələrinin artırılmasının əhəmiyyətinə toxunan R.Akdağ bildirib ki, bundan həm İran, həm Azərbaycan, həm də Türkiyə xalqı istifadə edəcək: «Ərzurum və Təbriz arasında təyyarə səfərlərinin təşkili hər iki ölkənin digər bölgələrinə, xüsusilə Qara dəniz ətrafına səfərləri də asanlaşdıracaq. Təbriz bizim üçün də çox mənalar ifadə edir. Mövlananı Mövlana edən Şəmsi Təbrizi bu şəhərdəndir. Təbriz Şəhriyarın şerindəki Heydərbabanın yurdudur”.

Bundan sonra Türkiyənin səhiyyə naziri böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın «Heydərbabaya salam» poemasından parçalar səsləndirib: «Əgər ərzurumlu olmasaydım, «Heydərbabaya salam» poemasını bu qədər rahat oxuya bilməzdim. Ona görə də əlimizdəki bu nemətin qiymətini həmişə birlikdə bilməliyik. Bizim könüllərimiz birdir, amma münasibətlərimiz bir az zəif qalıb. İnkişaf edəcəyiksə, bir-birimizlə daha möhkəm əlaqələr qurmağımız lazımdır. Xüsusilə də ticarətlə məşğul olan qardaşlarımıza səslənirəm. Bir-birinizə yaxın olmaq işinizi çox asanlaşdırar».
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR