Azərbaycanlı Tələbələrin Avropa Forumunun Strasburq şöbəsi 28 May münasibətilə bir sıra tədbirlər keçirəcək

Azərbaycanlı Tələbələrin Avropa Forumunun Strasburq şöbəsi 28 May münasibətilə bir sıra tədbirlər keçirəcək
# 25 may 2007 12:19 (UTC +04:00)
Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq şöbəsi 28 May Respublika günü münasibətilə bir sıra tədbirlər keçirəcək. ATAF-dan APA-ya verilən məlumata görə, Strasburqda əvvəlcə yürüş-festival, daha sonra Azərbaycan gecəsi təşkil olunacaq. Mayın 29-da yerli vaxtla saat 15-17 arasında keçiriləcək yürüş-festivalda Strasburqda təhsil alan azərbaycanlılarla yanaşı, Almaniya və digər yaxın ölkələrdən gələn azərbaycanlı tələbələr də iştirak edəcək. Yürüşdə xüsusi təbliğat xarakterli hazırlanmış maykalar geyiniləcək, yürüş zamanı milli Azərbaycan mahnıları səsləndiriləcək. İştirakçılar Respublika meydanından başlamaqla Strasburqun mərkəzi küçələrindən keçərək şəhərin mərkəzi meydanı sayılan Katedral meydanına gedəcəklər. Katedral meydanında Azərbaycan milli rəqsləri ifa ediləcək, yerli əhaliyə broşüralar paylanacaq. Yürüş-festivala Strasburqdakı türk təşkilatları da dəstək verəcək.
Mayın 29-da yerli vaxtla saat 18:30-da Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Strasburqun Robertso bölgəsində yerləşən III Napoleonun yaşadığı tarixi qəsrdə rəsmi tədbir keçiriləcək. Tədbirdə azərbaycanlı tələbələrlə yanaşı, rəsmi şəxslər, xarici diplomatlar, o cümlədən Azərbaycandan gəlmiş qonaqlar iştirak edəcək. Saat 22:00-da isə Strasburqun böyük əyləncə klublarından biri olan “Salamandre” klubunda Azərbaycan gecəsi təşkil olunacaq. Gecədə Azərbaycanla bağlı qısa film göstəriləcək, müxtəlif janrda olan Azərbaycan mahnıları səsləndiriləcək, iştirakçılara xüsusi hazırlanmış maykalar paylanacaq. Gecədə eyni zamanda Fransanın məşhur “Star Academic” proqramında iştirak edəcək gənc fransız gitaraçı konsert verəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR