Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Şulaveri kəndində keçirilən etiraz aksiyası başa çatıb.
APA-nın yerli bürosu xəbər verir ki, etirazçılarla hökumət nümayəndələri arasında razılıq əldə edilib.
Gürcüstan Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Tengiz Kalandadzenin sözlərinə görə, kəndlilərdən məhsul alışı qiyməti iki dəfə artırılıb və əraziyə yükləmə üçün əlavə yük maşınları gələcək. Razılıq əldə ediləndən sonra etirazçılar Şulaveri-Marneuli magistral yolunu açıblar.
Aksiyanın insidentsiz başa çatdığı bildirilir.
***
16:24
Gürcüstan Baş Nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari azərbaycanlıların etiraz aksiyası keçirdiyi Marneulinin Şulaveri kəndinə gedib.
APA-nın yerli bürosunun məlumatına görə, etirazçıların tələbləri ilə tanış olan S.Subari bildirib ki, vətəndaşların kənd təsərrüfatı məhsullarının daha yüksək qiymətə satışı üçün imkan yaradılacaq. Bununla belə, etirazçılar magistral yolun bağlanmasını davam etdiriblər.
Qeyd edək ki, Marneulinin Araflı, Ulaşlı, Ağməmədli, Qırıxlı, Aşağı Qullar və digər kəndlərindən olan sakinlər hazırda etiraz aksiyası keçirirlər.
***
14:55
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ağməmədli, Qırıxlı, Aşağı Qullar və digər kəndlərindən olan sakinlər etiraz aksiyası keçirirlər.
APA-nın yerli bürosu xəbər verir ki, Şulaveri kəndi ərazisinə toplanaraq mərkəzi yolu bağlayan etirazçılar koronavirusa görə qoyulan məhdudiyyətlər səbəbindən yetişdirdikləri məhsulu satışa çıxara bilmədiklərini bildiriblər. Onların sözlərinə görə, xüsusi icazə ilə rayon ərazisinə daxil olan şirkətlər məhsul alışını aşağı qiymətlə həyata keçirir. Əraziyə gələn Kvemo Kartli qubernatoru Şota Rexviaşvili və Marneuli meri Zaur Darğallı etirazçılara müraciət edərək bildiriblər ki, Gürcüstanın bütün rayonlarında məhsul satışının yaxın günlərdə təşkil edilməsi istiqamətində fəaliyyətə başlanılacaq. Müxalifət partiyaların nümayəndələri də əraziyə gələrək etirazçılara qoşulublar.
Aksiyanın keçirildiyi əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Etiraz aksiyası hazırda davam edir.