Azərbaycanlı rəssama Rusiya Rəssamlıq Akademiyasının medalı təqdim olunub

Azərbaycanlı rəssama Rusiya Rəssamlıq Akademiyasının medalı təqdim olunub
# 03 iyun 2013 08:33 (UTC +04:00)

Bakı-APA. Türkiyədə yaşayan azərbaycanlı rəssam Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyası tərəfindən Şuvalov medalı ilə təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, akademiyanın yaradıcısı və ilk rəhbəri olmuş (1757) İvan İvanoviç Şuvalov medalını həmyerlimizə təhsil ocağının direktoru Zurab Tsereteli Akademiyanın Ağ zalında təşkil olunmuş təntənəli mərasimdə təqdim edib.

Azərbaycanda və Sankt-Peterburqda rəssamlıq təhsili alan Teymur Rzayev 1994-cü ildən Türkiyədə yaşayır. Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Teymur Rzayev hazırda Yeditəpə Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləyir. Teymur Rzayevin çəkdiyi rəsm əsərlərində Azərbaycanın problemləri, Dağlıq Qarabağ münaqişəsinə daim diqqət yetirilib. Azərbaycan diasporunun inkişafında müstəsna xidmətlər göstərmiş Teymur Rzayev 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya azərbaycanlıları ziyalıları forumunda Türkiyədə yaşayan rəssamların koordinatoru seçilib. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə elm, mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Əməkdar rəssam” fəxri adı ilə təltif olunub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR