Berlindəki Azərbaycan və Türk diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Berlindəki Azərbaycan və Türk diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
# 26 fevral 2015 07:50 (UTC +04:00)

Bakı - APA. Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində faciə qurbanlarının xatirəsi Almaniyadakı Azərbaycan və Türk diaspor təşkilatları tərəfindən Berlində yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Almaniyadakı Türk-Azərbaycan Birliyi (TAVD), Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Berlin-Brandenburg Atatürkçü Düşüncə Dərnəyi (ADD), Türk Gənclər Birliyinin (TGB) təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə keçirilmiş tədbir Berlindəki Türk Evində baş tutub.


Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu, Türkiyənin Berlindəki baş konsulu Ahmet Başar Şen, Milli Məclisin deputatı Qənirə Paşayeva, İstanbul Universitetinin professoru Mehmet Perinçek, «Erməni təcavüzünün tanıdılması» İctimai Birliyinin sədri, yazıçı Səriyyə Cəfərova və başqaları iştirak edib.


Atatürkçü Düşüncə Dərnəyinin sədri Olcay Başegmez tədbiri açaraq, Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlığın son illər daha da genişlənməsindən, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı həyata keçirilən birgə layihələrdən bəhs edib.


Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patzer-İsmailova Xocalı soyqırımının Almaniya ictimaiyyətində tanıdılmasına dair keçirilən tədbir və aksiyalar haqqında məlumat verib, bu fəaliyyətdə Almaniyadakı türk icmasının göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov isə mühüm tədbirlərin Türk Evində türk icması ilə birgə keçirilməsinin artıq ənənə halı aldığını bildirib və bunu sevindirici hal kimi dəyərləndirib.


Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımının bütün Türk xalqını kədərləndirdiyini bildirib. Türk xalqına qarşı ikili standartların tətbiq edildiyini qeyd edən səfir ermənilərin qondarma soyqırımı haqqında danışarkən türk xalqına qarşı törədilmiş əsl soyqırımlarının müzakirə edilmədiyini vurğulayıb.


Daha sonra Türk Alman Birliyinin sədri Hakkı Keskinin aparıcılığı ilə davam edən tədbirdə Milli Məclisin uzvü Qənirə Paşayeva, İstanbul Universitetinin professoru Mehmet Perinçek, yazıçı və jurnalist Səriyyə Cəfərova çıxış edərək, Azərbaycan-Türkiyə münasibətlərindən, Azərbaycan və Türk diasporunun gələcək fəaliyyətindən, erməni yalanlarının ifşası və Azərbaycan həqiqətlərinin təbliğində birgə fəaliyyətin istiqamətlərindən danışıblar.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR