Azərbaycanlı iş adamının oğurlanması ilə bağlı Ukrayna DİN-in qarşısında aksiya keçirilib

Azərbaycanlı iş adamının oğurlanması ilə bağlı Ukrayna DİN-in qarşısında aksiya keçirilib
# 10 yanvar 2018 14:35 (UTC +04:00)

Ukraynada yaşayan azərbaycanlılar Ukrayna Daxili işlər Nazirliyi (DİN) qarşısında etiraz aksiyası keçiriblər.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları 2017-ci il dekabrın 11-də axşam saat 19:00 radələrində Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayevin axşam işdən dönərkən yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanması və bu cinayətin üstünün açılmamasına etiraz ediblər.

Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 4 ildə azərbaycanlı iş adamlarının və onların övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini, cinayətkarların həbs olunmasını tələb ediblər.

Ukraynanın müxtəlif vilayət və şəhərlərindən yüzlərlə diaspor fəallarının qatıldığı etiraz aksiyasında “Cinayətkarlar cəzalandırılsın!”, “Azərbaycanlılara qarşı təqiblərə son qoyulsun!”, “Avakov, azərbaycanlılara qarşı cinayətlərə göz yumma!”, “Ukrayna kriminal ünsürlərdən təmizlənsin!” şüarları səsləndirilib.

Aksiyada diaspor fəalları çıxış edərək son illər Ukraynada azərbaycanlı iş adamlarının, tələbələrin və Azərbaycan şirkətlərinə məxsus yük avtomobillərinin oğurlanma faktlarının kütləvi hal almasından və bu cinayətlərlə bağlı dəfələrlə Ukraynanın müvafiq güc strukturlarına, xüsusən də daxili işlər naziri Arsen Avakova müraciət olunmasına baxmayaraq, bu cinayət hadisələrinə biganə münasibət bəsləməsinin kökündə milli faktorun durduğunu bildiriblər.

Ukrayna Daxili İşlər Nazirliyini fəaliyyətsizlikdə günahlandıran aksiya iştirakçıları 2017-ci il dekabr ayının 11-də axşam saat 19:00 radələrində evinə gedərkən yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən güc tətbiq edilərək oğurlanmış iş adamı Hikmət Abdullayevin hələ də girovluqda saxlanıldığını, bununla bağlı Ukrayna Azərbaycanlıları Konqresi tərəfindən ölkə prezidentinə, daxili işlər nazirliyinə, baş prokurorluğa və milli təhlükəsizlik xidmətinə müraciət olunmasına baxmayaraq quldur dəstə haqqında heç bir ölçü götürülmədiyini bildiriblər.

Aksiya Ukrayna Daxili İşlər Nazirliyinə ünvanlanmış qətnamənin oxunması ilə başa çatıb. Qətnamədə bildirilib ki, Arsen Avakovun daxili işlər naziri təyin olunmasından ötən dövr ərzində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb, baş vermiş cinayət işlərinin heç birinin üstü açılmayıb.

İki saat davam edən etiraz aksiyasından sonra Ukrayna Milli Polisinin müavini Dimitro Kravçenko Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədovu, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyevanı və oğurlanan iş adamı Hikmət Abdullayevin oğlunu qəbul edərək baş vermiş cinayət hadisəsinin ciddi nəzarətə götürüldüyünü, artıq cinayətkar qruplaşmanın izinə düşüldüyünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR