Rusiyanın idman naziri Mixail Deqtyarev bildirib ki, o, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovu Azərbaycan klublarının Kontinental Xokkey Liqasında (KXL) iştirak imkanlarını nəzərdən keçirməyi təklif edib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Deqtyarev öz Teleqram kanalında yazıb.
O, sentyabrın 8-də Ümumdünya Köçəri Oyunlarının başladığı Astanada Qayıbovla görüşdüyünü bildirib.
“2026-cı ilə qədər əməkdaşlıq planı imzalanmağa hazırdır. Buraya 8 idman növü daxildir: cüdo, boks, atletika, futbol, taekvondo, şahmat, kibersport, stolüstü tennis. Hazırda Rusiya Federasiyasının İdman Nazirliyi Xəzər “beşliyi” ölkələri (Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan, İran) arasında əməkdaşlıq üçün normativ baza formalaşdırır. Azərbaycanı da KXL-ə qoşulmağı təklif etdim. Liqanın çox geniş coğrafiyası var və o, genişlənməyə hazırdır”, - deyə Deqtyarev Telegram kanalında yazıb.