ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
# 14 iyul 2007 09:46 (UTC +04:00)
“Təəssüf ki prezidentlər fikir ayrılıqlarına son qoya bilmədilər. Münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanda 2008-də prezident seçkiləri keçiriləcək və seçki kampaniyaları danışıqlar prosesini kölgədə qoyacaq. Prezidentlər səviyyəsində əsas prinsiplər razılaşdırmasa, münaqişənin sülh yolu ilə həlli ilə bağlı sazişin mətnini tərtib etmək mümkün deyil. Həmsədrlər başa düşürlər ki, Dağlıq Qarabağda 13 illik “nə sülh, nə müharibə” şəraitində status-kvonun qorunub saxlanması, Azərbaycan və Ermənistan rəhbərləri üçün münaqişənin ədalətli və davamlı həllinə, xalqlar arasında yeni sülh erasına yönəlmiş qarşılıqlı kompromis əldə etməkdən daha asan görünə bilər. Əgər münaqişə tərəfləri indi qəti addımlar atmaqdan çəkinirsə, biz vasitəçilər bunu onların əvəzinə edə bilmərik. Biz tərəflərin danışıqları davam etdirmək istəyi ilə bağlı son bəyanatlarının nəzərə alırıq və onlara məsləhət görürük ki, qısa vaxt ərzində bu bəyanatları həyata keçirsinlər. Bu məqsədlə həmsədrlər tərəflərə növbəti görüşün yaxın zamanda keçirilməsinə kömək etməyə hazirdır”. Ziyalıların Dağlıq Qarabağa səfərinə münasibət bildirən həmsədrlər qeyd edib ki, bu səfər tərəflərin ictimaiyyəti sülhə hazırlamaq üçün əlverişli şərait yaratmağa hazır olduğunu göstərir: “Həmsədrlər bu addımı alqışlayır və bunu qarşılıqlı inam yaradan ilk addım kimi dəyərləndirir ki, bunu da həmsədrlər daha öncə tərəflərə məsləhət görüblər. Həmsədrlər təəssüflənir ki ATƏT-in ətraf mühitlə bağlı vəziyyətin qiymətləndirmə missiyasının keçən il verdiyi məsləhətlər yerinə yetirilməyib və tərəfləri onları yerinə yetirməyə çağırır”. ATƏT-in Minsk Qrupunun həmsədrləri xalqları sülhə hazırlamağa əngəl olan bir sıra hadisələrdən narahatlıqlarını dilə gətiriblər: “Güc tətbiq etməklə, münaqişənin hərb yolu ilə həllinə dair bəyanatlar narahatlıq doğurur. Dağlıq Qarabağda qarşıdan gələn “prezident seçkiləri” gərginliyə səbəb olub. Dağlıq Qarabağdakı ötən seçkilərlə bağlı bəyanatları xatırladaraq, həmsədrlər təkrar edir ki, beynəlxalq ictimaiyyətin digər nümayəndələri kimi onların da ölkələri Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, bu cür “seçkilər” münaqişənin sülh yolu ilə həllinə heç bir təsir göstərməməlidir”. Bəyanatın sonunda qeyd olunub ki, münaqişənin nizamlanmasında vasitəçilik missiyası ATƏT-in Minsk Qrupuna həvalə edilib və digər təşkilatların bu istiqamətlərdə birtərəfli təşəbbüsləri gərginliyi artıra və danışıqlar prosesinə mane ola bilər. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR