Akif Nağı və bir qrup QAT üzvü saxlanaraq polis idarəsinə aparılıb
15 sentyabr 2007 11:07 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və təşkilatın bir qrup üzvü saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə aparılıb. Bu barədə APA-ya QAT-ın mətbuat xidmətindən məlumat verilib. Ənənəvi olaraq “Azad Qarabağ uğrunda mübariz döyüşçü” yarışı keçirən QAT rəhbərliyi tədbirin başa çatmasından sonra Stend Atıcılığı Mərkəzindən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıblar. QAT sədri Akif Nağı APA-ya bildirib ki, polis onları saxlayarkən heç bir izahat verməyib: “Biz bu gün erməni idmançılarının Bakıya gəlməsinə etiraz olaraq aeroportda aksiya keçirməyi planlaşdırmışdıq. Güman edirik ki, polisin bizi saxlaması bununla əlaqəlidir”. A. Nağı təxminən 20 nəfərin polis idarəsinə aparıldığını qeyd edib. /APA/