Sərdar Cəlaloğlunun iki övladı siyasi mühacir kimi xaricdə yaşayır

Sərdar Cəlaloğlunun iki övladı siyasi mühacir kimi xaricdə yaşayır
# 01 avqust 2008 15:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun oğlanları Tural və Cəlal Məmmədovlar xarici ölkələrdə siyasi mühacir statusu alıblar. Bu barədə APA-ya etibarlı mənbələr məlumat verib. Məlumata görə, partiya sədrinin həyat yoldaşı da siyasi mühacir statusu almaq üçün xarici ölkələrin birinə müraciət edib. S. Cəlaloğlunun özünün isə Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra belə addım atacağı bildirilir. S. Cəlaloğlu APA-ya açıqlamasında oğlanlarının siyasi mühacir statusu aldığını təsdiqləyib: “Mən 2003-cü ildə həbs edilən zaman ailə üzvlərimə, xüsusilə də oğlanlarıma təzyiqlər vardı. O vaxt böyük oğlum Tural Sankt-Peterburqda Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasının hüquq fakültəsində təhsil alırdı. Həmin təzyiqlərə görə, BMT-nin bilavasitə iştirakı ilə ona mühacir statusu verib Norveçə göndərdilər. Bakıda olan digər oğlum Cəlal isə mühacir kimi Böyük Britaniyaya göndərildi”. Oğlanlarının artıq neçə ildir ki, xaricdə siyasi mühacir kimi yaşadığını bildirən partiya sədri həyat yoldaşının da mühacir statusu almaq üçün müraciət etməsi barədə xəbərin doğru olmadığını qeyd edib: “O həmişə mənim yanımda olub”. S. Cəlaloğlu özü də mühacirət etmək fikrində olmadığını bildirib: “Vətən bizim anamızdır. Düzdür, burada repressiyaya məruz qalmışam, işgəncələr olub, yaxınlarıma, dostlarıma normal yaşamağa imkan vermirlər, amma Azərbaycan bizim anamızdır. Bu eyiblərinə görə mən anamı atıb gedə bilmərəm. Belə bir fikrim yoxdur”. S. Cəlaloğlu ötən müddət ərzində oğlanlarının Azərbaycana gələ bilmədiyini də vurğulayıb: “Onlar yaşadıqları ölkənin vətəndaşlığını aldıqdan sonra həmin ölkənin vətəndaşı olaraq Azərbaycana gələ bilərlər. Amma Azərbaycan vətəndaşı kimi gəlmələri risklidir. Onların isə hələ ki, xarici ölkənin vətəndaşlığını almaq fikirləri yoxdur. Onlar məndən də çox Azərbaycana bağlıdırlar”. Partiya sədri böyük oğlunun hüquq, kiçik oğlunun isə beynəlxalq münasibətlər ixtisası üzrə təhsil aldıqlarını bildirib.
Qeyd edək ki, S. Cəlaloğlunun üç oğlu, bir qızı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR