“Seçki 2008” adlı QHT Koalisiyası yaradılıb

“Seçki 2008” adlı QHT Koalisiyası yaradılıb
# 13 avqust 2008 09:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı 4 qeyri-hökumət təşkilatı “Seçki 2008” adlı QHT Koalisiyası yaradıb. APA-nın məlumatına görə, koalisiyaya “İnam” Plüralizm Mərkəzi, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi daxil olub. Koalisiyanın koordinatoru, “İnam” Plüralizm Mərkəzinin direktoru Vahid Qazi bildirib ki, Azərbaycanda keçirilən seçkilərin heç birində bu ilki qədər passivlik olmayıb. QHT-lərin bu ümumi sükuta qoşulmaq niyyətində olmadığını deyən V. Qazi buna görə də koalisiyanın yaradılması və əhalinin fəallaşdırılması istiqamətində fəaliyyət göstərmək qərarına gəldiklərini vurğulayıb. O, bu seçkilərin Azərbaycan üçün ciddi demokratiya imtahanı olduğunu qeyd edib: “Belə çətin durumda cəmiyyətdə seçki fəallığını artırmaq, seçkilərə ictimai nəzarəti gücləndirmək üçün vətəndaş cəmiyyəti təmsilçilərinin daha fəal olması və üzərinə düşən missiyanı yerinə yetirməsi günün tələbinə çevrilib”. V. Qazi deyib ki, koalisiya seçki kampaniyası dövründə ictimai fəallığın artırılması və seçki mühitinin normallaşdırılması istiqamətində digər təşkilatlarla birgə tədbirlər görmək, seçkilərə ictimai nəzarəti təşkil etmək, seçki prosesinin monitorinqini aparmaq, hesabatlar hazırlayaraq yerli və beynəlxalq səviyyədə yaymaq, seçki saxtakarlığı və qanunsuzluqları barədə ictimaiyyəti məlumatlandırmaq niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR