Qulamhüseyn Əlibəyli: “Bu addımı atmağımda heç bir qüvvənin rolu olmayıb”

Qulamhüseyn Əlibəyli: “Bu addımı atmağımda heç bir qüvvənin rolu olmayıb”
# 15 avqust 2008 10:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “AXCP Rəyasət Heyətinin iclasında mənim haqqımda səslənmiş fikirlərə şərh vermək fikrində deyiləm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli deyib. O, partiyadan çıxandan sonra barəsində səslənəcək fikirlərə və ittihamlara cavab verməyəcəyini bəyan etdiyini xatırladıb: “Mənim addımımı kim necə qiymətləndir-qiymətləndirsin, mən bunlara fikir bildirməyəcəyəm. Özüm doğru bildiyim yolu tutub gedirəm, bu addımı atmağımda heç bir qüvvənin rolu olmayıb”.

Qeyd edək ki, AXCP Rəyasət Heyətinin (RH) son toplantısında Q. Əlibəylinin partiyadan istefa verməsi və prezidentliyə namizədliyini irəli sürməsi müzakirə edilib. Qurum üzvləri bu addımın hakimiyyətin təsiri ilə atılması təəssüratı yaratdığını bildiriblər. İclasda qeyd olunub ki, Q. Əlibəyli siyasətdən getmək və ya digər müxalifət partiyasına keçmək üçün AXCP-dən istefa versəydi, bu, normal qarşılanardı: “Lakin onun istefa verdikdən sonra seçkiləri boykot siyasətinə qarşı çıxıb prezidentliyə namizədliyini irəli sürməsi bu addımı hakimiyyətin təsiri ilə atdığını və AXCP-nin hakimiyyətə qarşı apardığı mübarizəyə, partiyanın prinsiplərinə xəyanət etdiyini göstərir”.

RH üzvləri, həmçinin Q. Əlibəylinin bu hərəkəti ilə Xalq Cəbhəsi sıralarında keçirdiyi 20 illik mübarizə yolunu korporativ maraqlara qurban verməsindən və seçkilərdə süni alternativ yaratmaq siyasətinə alət olmasından təəssüfləndiklərini bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR