Müxalifətin Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində danışıqlar davam etdirilir

Müxalifətin Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində danışıqlar davam etdirilir
# 22 avqust 2008 11:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müxalifətin Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində danışıqlar konstruktiv şəkildə davam etdirilir. Ümid edirik ki, yaxın zamanlarda bu mərkəzi yaratmağa nail olacağıq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AXCP sədri Əli Kərimli deyib. Onun sözlərinə görə, Azadlıq bloku çalışır ki, müxalifət düşərgəsində təmsil olunan bütün partiyalar prezident seçkisinə qiymət versin. Ə. Kərimli mərkəzin yaranacağına əminliyini də bildirib: “Müxalifətin Əməkdaşlıq Mərkəzi yaranacaq. Ola bilər ki, hansısa partiya bu mərkəzə daxil olmasın. Amma müxalifətdə olan əsas siyasi qüvvələrin artıq bununla bağlı razılığı var. Seçki bitdikdən sonra isə mərkəzə daxil olan partiyaların adından ümumi sənəd qəbul olunacaq”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyib ki, razılığa gəlinən məsələlərlə bağlı zəruri olduğu zaman mətbuata və ictimaiyyətə məlumat veriləcək: “Müxalifətin Əməkdaşlıq Mərkəzinin yaradılması ilə bağlı məsləhətləşmələr gedir. Hesab edirəm ki, yaxın zamanda ilkin nəticələr olacaq”.

KXCP sədri Mirmahmud Mirəlioğlu bu barədə qiyabi məlumatı olduğunu söyləyib: “Müzakirələr haqda məlumatım var. Partiyaya müraciət edilib və həmin məsləhətləşmələrdə bizi partiyanın Ali Məclisinin sədri təmsil edib”. O, bu barədə müttəfiqləri ilə müzakirələr edilməsinin zəruriliyini də vurğulayıb: “Müxalifətin bir araya gəlməsi arzudur. Amma bu insanlarla belə işləri görmək çox çətin olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR