Araz Əlizadə: “Azərbaycanda sol hərəkatı təmsil edən partiyaların koalisiyasını yaratmaq mümkün deyil”

Araz Əlizadə: “Azərbaycanda sol hərəkatı təmsil edən partiyaların koalisiyasını yaratmaq mümkün deyil”
# 28 avqust 2008 15:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azərbaycanda sol hərəkatı təmsil edən partiyaların koalisiyasını yaratmaq mümkün deyil. Səbəb ondan ibarətdir ki, siyasətçilərin əksəriyyəti bu işlə şəxsi ambisiyalarına görə məşğul olur, ideoloji məkanda fəaliyyət göstərə bilmirlər. Onların heç birini ideologiya maraqlandırmır”. Bu açıqlamanı APA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə verib. O bildirib ki, partiyanın fəaliyyətini genişləndirmək üçün isə maliyyə imkanları lazımdır: “1980-ci illərin sonu Azərbaycan siyasətinin romantik dövrü idi. Artıq həmin dövr sona çatıb və indi insanları ilk növbədə qazanc – daha doğrusu ailələrinin çörəyi düşündürür. Bu da təbiidir. Çünki biz artıq kapitalizm dövrünə keçmişik. İnsanların işdən sonra ictimai fəaliyyətlə məşğul olması üçün maraq qalmayıb. Bu halı digər partiyalara aid edə bilmərəm. Mən ASDP-dən və cəmiyyətdən danışıram”. A. Əlizadə bir neçə il əvvəl partiyaya toplaşan gənclərin qurumdan uzaqlaşdığını da deyib: “Əvvəllər partiyaya çoxlu gənclər toplaşmışdı. Onlar üçün kompüter və ingilis dili kursları yaratmışdım. Hətta bəzilərini xaricə də göndərirdim. İndi isə onların əksəriyyəti ya QHT yaradıblar, ya da hansısa şirkətlərdə işləyirlər və partiyadan uzaqlaşıblar. Artıq siyasi partiyalara gənclərin könüllü axını yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR