Elşən Manafov: “ASDP-də Ayaz Mütəllibov və Araz Əlizadənin tərəfdarları arasında parçalanma var”

Elşən Manafov: “ASDP-də Ayaz Mütəllibov və Araz Əlizadənin tərəfdarları arasında parçalanma var”
# 08 sentyabr 2008 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Ayaz Mütəllibov mənimlə söhbətində deyib ki, Araz Əlizadə sındırılıb. Onun hansı dairələr tərəfindən sındırılmasını və kimlərin dəyirmanına su tökməsini isə Araz Əlizadə özü daha yaxşı bilir. ASDP-nin dağıdılması ilə müşayiət olunan proses buna misaldır”. Bu sözləri APA-ya ASDP Mərkəzi Komitəsinin sabiq Büro üzvü Elşən Manafov deyib. Onun sözlərinə görə, ASDP sabun köpüyü kimidir və nə qədər ki, A. Əlizadə kimiləri bu quruma rəhbərlik edəcək, təşkilat öz fəaliyyətini bərpa edə bilməyəcək: “Mən partiyada Araz Əlizadənin rəhbərlik etdiyi mühafizəkar qanad tərəfindən qurumdan uzaqlaşdırılmışam. Əgər qərəzli və təhqiredici fikirlər söyləmişəmsə, məhkəməyə müraciət edə bilərlər. Təəssüf ki, Araz Əlizadə Nizamnamədən öz istədiyi kimi istifadə edir və təkbaşına qərarlar verir”.

E. Manafovun sözlərinə görə, ASDP parçalanıb, partiya daxilində ciddi fikir ayrılığı hökm sürür: “Nizamnaməyə görə, qərarla bağlı Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət etməliyəm. Amma həmin qurumun rəhbəri də Araz Əlizadənin adamıdır. Partiya real olaraq, Ayaz Mütəllibov və Araz Əlizadə tərəfdarları arasında parçalanıb. Yaxın zamanlarda bu parçalanma tam çılpaqlığı ilə ortaya çıxacaq”.

E. Manafov yeni sol təmayüllü partiyanın yaradılması istiqamətində işlərə başlayacağını da qeyd edib: “Bunda Azərbaycan hakimiyyəti, müxalifətin islahatçı dairələri də maraqlı olmalıdırlar. Hər bir halda prezident seçkilərindən sonra, gələn ilin birinci yarısında partiyanın yaradılması ilə bağlı ilkin mərhələni keçə biləcəyik”.

Araz Əlizadə isə APA-ya E. Manafovun plenumun üzvlərinin yekdil qərarı əsasında partiyadan xaric edildiyini bildirib: “Mənim barəmdə dedikləri həqiqətə uyğun deyil. Ayaz Mütəllibov da Elşənin onun adından dediklərini təkzib elədi. Plenuma telefon vasitəsilə qoşulan Ayaz Mütəllibov Elşən Manafovu hətta yalançılıqda qınadı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR