Arif Hacılı: “ADP-nin müxalifətin əməkdaşlıq mərkəzinə qarşı neqativ münasibətinin səbəbi bəlli deyil”

Arif Hacılı: “ADP-nin müxalifətin əməkdaşlıq mərkəzinə qarşı neqativ münasibətinin səbəbi bəlli deyil”
# 09 sentyabr 2008 11:48 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Demokrat Partiyasının müxalifətin yeni əməkdaşlıq mərkəzi ilə bağlı mövqeyinin neqativ olmasının səbəbləri bizə hələ də bəlli deyil. İstənilən halda isə onların bu mərkəzin yaranmasını pisləməsi bizim tərəfimizdən təəssüflə qarşılanır”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin son toplantısında müxalifətin əməkdaşlıq mərkəzinin pislənməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda mövcud olan müxalifət partiyalarının əksəriyyəti zaman - zaman bu düşərgənin birliyinin vacib olması barədə fikirlər səsləndiriblər: “ADP də həmin mövqedə dayanan partiyalardan biri olub. Amma indi əməkdaşlıq mərkəzinin yaranmasına neqativ münasibətin bəslənməsi əvvəlki çıxışlarla ziddiyyət təşkil edir. Burada onların marağı nədir, bilmirəm”.

Əməkdaşlıq mərkəzinin üzvü olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də ADP-nin fərqli mövqedə olması başa düşülən olmadığını deyib. O, ADP-nin hakimiyyətlə dialoqla bağlı səsləndirdiyi fikirlərə görə belə mövqedə durduğunu güman edir: “Amma mənim fikrimcə, ölkə daxili şərtlər, geopolitik məqamlar dəyişməyənə qədər, hökumətlə konstruktiv mövqedən danışmaq siyasi təşkilata yalnız ictimai qınaq gətirir. Ona görə də mövcud şərtlər daxilində “səni sevəcəyəm, sən sevməsən də” siyasəti Azərbaycanda zaman - zaman nəticəsiz qalıb”.

Qeyd edək ki, ADP İdarə Heyətinin genişləndirilmiş toplantısında 5 müxalifət təşkilatının oktyabrın 15-də keçiriləcək prezident seçkilərini nəticələrini tanınmaması barədə bəyanat qəbul etməsi və əməkdaşlıq mərkəzinin yaranması pislənilib. Əməkdaşlıq mərkəzində Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyası və “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR