Azərbaycan və Özbəkistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər

Azərbaycan və Özbəkistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış ediblər
# 12 sentyabr 2008 07:50 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidentinin səfərinin bu vaxta qədər də dinamik və səmərəli inkişaf edən münasibətlərin inkişafında çox mühüm mərhələ olduğunu bildirib: “Bizi birləşdirən ənənələrimiz, mədəniyyətimiz və dillərimizin ümumiliyidir. Biz beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı məsələlərə Özbəkistanın münasibətini çox yüksək qiymətləndiririk. Biz də öz lazım gələrsə, qardaş ölkəni həmişə dəstəkləyəcəyik”.

Yaxın müttəfiqlər kimi hərəkət etdiklərini vurğulayan Azərbaycan prezidenti Qafqazda, Xəzər regionunda, Mərkəzi Asiyada vəziyyətin qiymətləndirilməsində iki ölkənin yanaşmalarında ortaq cəhətlərin çox olduğunu deyib: “Biz istəyirik ki, regionumuzda sülh yaransın, bütün Qafqazda sabitlik bərqərar olsun, münaqişələr beynəlxalq hüququn normaları və prinsipləri əsasında ədalətlə həll edilsin. Bu halda bizim regionda əməkdaşlıq üçün lap çox imkan olacaq. Biz çox istəyirik ki, gələcəkdə Özbəkistanla birgə layihələrimiz, daha sıx kooperasiyaya, müştərək istehsalatlar yaradılmasına, investorların marağı olarsa, müştərək investisiyalara şərait yaradan layihələr həyata keçirilsin. Başqa sözlə, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün bazar münasibətlərinin bütün mexanizmlərini cəlb etmək istəyirik. Bir daha demək istəyirəm, bunun üçün hər cür şərait var: həm ənənəvi tarixi və mədəni əlaqələr, həm də regional siyasətin və beynəlxalq fəaliyyətin bir çox məsələlərinə ümumi yanaşmalar. Əminəm ki, səfərin davamı çox uğurlu olacaq”.

Özbəkistan prezidenti İslam Kərimov isə Özbəkistan-Azərbaycan münasibətlərinə xas olan ənənəvi səmimilik və qarşılıqlı etimad şəraitində keçmiş danışıqların yekunlarından tamamilə razı qaldığını bəyan edib: “Biz ikitərəfli əməkdaşlıq məsələlərinin geniş dairəsini ətraflı müzakirə etdik, regional qarşılıqlı fəaliyyətin aktual məsələləri və beynəlxalq problemlər barəsində də fikir mübadiləsi apardıq. Müzakirə edilən məsələlərin əksəriyyəti barədə mövqelərimizin üst-üstə düşməsini və ya oxşar olmasını qeyd etdik. Hesab edirik ki, bu gün dövlətlərarası və hökumətlərarası səviyyədə imzalanmış yeddi sənəd, habelə Azərbaycan tərəfi ilə bağlanmış müqavilələr münasibətlərimizin inkişafına böyük təkan verəcək, qarşılıqlı faydalı birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin yaradacaq”.

İ. Kərimov Özbəkistanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib: “Həm də biz hesab edirik ki, bu münaqişənin həllinin əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olmalıdır. Mənim fikrimcə, Dağlıq Qarabağ probleminin həllinin Azərbaycan tərəfindən təklif edilən modeli optimal və hər cəhətdən məqbuldur. Əlbəttə, mən öz fikrimi deyirəm, lakin əminəm ki, ötən on yeddi ildə baş vermiş hadisələri obyektiv qiymətləndirən insanların hamısı bu fikirlə razılaşar. Qarabağ problemi 1988-ci ildə başlanıb və bu münaqişə ilə əlaqədar prosesləri müşahidə edənlərin, sadəcə müşahidə etməklə kifayətlənməyib, onları diqqətlə izləyənlərin hamısı, zənnimcə, Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir”.
İ. Kərimov sonda bəyan edib ki, Özbəkistan nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkənin dostluq və əməkdaşlığının daha da möhkəmlənməsində mühüm mərhələ olacaq.


Qeyd edək ki, sentyabrın 11-də “Gülüstan” sarayında Azərbaycan prezidenti İlham Əliyevin adından Özbəkistan prezidenti İslam Kərimovun şərəfinə rəsmi qəbul təşkil edilib. Dövlət başçıları qəbulda nitq söyləyiblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR