DADP-ni tərk edən şəxslər: “Məmməd Əlizadənin yalanlarına aldanıb gəlmişdik”

DADP-ni tərk edən şəxslər: “Məmməd Əlizadənin yalanlarına aldanıb gəlmişdik”
# 05 noyabr 2008 09:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratik Azərbaycan Dünyası Partiyasını (DADP) tərk etmiş bir qrup şəxs mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, DADP sədrinin keçmiş müavini Məmiş Cəfərov partiyanın idarəçiliyində qanun pozuntularına yol verildiyi üçün təşkilatı tərk etdiklərini deyib. O bildirib ki, Nizamnaməyə və qanunvericiliyə zidd olaraq üzvlüyə qəbul rayon təşkilatlarında yox, mərkəzi qərargahda aparılıb: “Hər hansı şəxs üzvlük üçün ərizə təqdim etdikdən dərhal sonra ona üzvlük vəsiqəsi və partiya rəhbərliyində vəzifə verilir. Partiya üzvlərinin böyük əksəriyyəti müşavir vəzifəsi daşıyır”. M. Cəfərov Azərbaycan Konstitusiyasına zidd olaraq DADP-də xarici ölkə vətəndaşlarının da təmsil olunduğunu, hətta onların rəhbərlikdə vəzifə tutduqlarını söyləyib. Keçmiş müavin DADP sədri Məmməd Əlizadənin hakimiyyətə yaxın şəxslərin adından istifadə edərək partiyanı yenidən təşkilatlandırdığını vurğulayıb: “Biz də bu partiyaya məhz həmin yalan sözlərə aldanıb gəlmişdik”.

DADP sədrinin digər keçmiş müavini Akif Həsənov isə M. Əlizadənin partiyanı şəxsi firması kimi idarə etdiyinə diqqət çəkib: “Heç yerdə görünməyib ki, partiyanın sədri hansısa rayon təşkilatının sədrini sərəncamla çıxarsın və onu yerinə başqa bir şəxsi təyin etsin”.

Mətbuat konfransında partiyanın Təşkilat Şöbəsinin müdiri Mətləb Əliyev, Siyasi Şuranın bir neçə üzvü, bəzi rayon təşkilatlarının sədrləri də söz alaraq partiya sıralarından çıxdıqlarını açıqlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR