Azərbaycan prezidenti Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb
# 10 noyabr 2008 16:29 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti qurumların təklifləri əsasında, Bakı şəhərində əhalinin məskunlaşdığı ərazilərin mövcud və perspektiv genişlənməsi, metrodan istifadə edən sərnişinlərin sayı və hərəkət istiqamətləri nəzərə alınmaqla, «Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı»nın layihəsini altı ay müddətində hazırlayıb prezidentə təqdim etsin.

Dövlət Proqramının hazırlanması zamanı müvafiq tədbirlər Bakı şəhərinin baş planı və əhalinin məskunlaşması nəzərə alınmaqla, digər ictimai sərnişindaşıma nəqliyyat vasitələri ilə (avtobus, elektrik qatarı) əlaqələndirilməli, mövcud beynəlxalq təcrübədən istifadə edilməklə, Bakı Metropoliteninin yeni baş sxeminin tərtibi təmin edilməli, hazırda istismarda olan metro şəbəkəsinin texniki vəziyyətinin təhlil və müayinəsi əsasında şəbəkənin təkmilləşdirilməsinə, təhlükəsizliyinin artırılmasına, zəruri hesab edilən yenidənqurma və bərpa işlərinin aparılmasına, habelə Bakı Metropoliteninin maddi-texniki təchizatının yaxşılaşdırılmasına dair təkliflər əhatə olunmalı, bu sahədə ixtisaslaşmış, geniş təcrübəyə malik olan yerli və xarici məsləhətçi şirkət, mütəxəssis və ekspertlər cəlb edilməlidir.

Sərəncamda Maliyyə Nazirliyinə «Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı»nın hazırlanması işlərinə cari ildə başlanılmasını təmin etmək məqsədi ilə Bakı Metropoliteni İdarəsinə 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 (iki) milyon manat məbləğində vəsait ayırmaq tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR