DAK Gülüstan və Türkmənçay müqaviləsinin hüquqi qüvvəsini itirməsi mövzusuna həsr olunmuş tədbir keçirib

DAK Gülüstan və Türkmənçay müqaviləsinin hüquqi qüvvəsini itirməsi mövzusuna həsr olunmuş tədbir keçirib
# 14 noyabr 2008 12:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının (DAK GT) təşəbbüsü ilə “Parçalanmış xalq” və “Azərbaycanı iki hissəyə - Quzeyə və Güneyə parçalayan Gülüstan və Türkmənçay müqaviləsinin öz hüquqi qüvvəsini itirməsi” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, konfransda DAK GT-nın sədri Samir Turan Azərbaycan türkünün son 200 ildə qarşılaşdığı problemlər haqda danışıb. Onun sözlərinə görə, bütün bu problemlərin baş verməsinin səbəbi adıçəkilən müqavilələrdir. DAK həmsədri Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycan əraziləri 1813-cü ildə Gülüstan və 1828-ci ildə çar Rusiyası və Qacar türk dövləti arasında bölüşdürülüb. Bununla da Bütöv Azərbaycanın parçalanmasının əsası qoyulub. Sonrakı əsrlərdə Rusiya Dərbəndi özünə, Borçalını gürcülərə, İrəvan, Zəngəzur, Göyçə, Dərələyəz və digər mahal və bölgələrimi ermənilərə verib. Nəticədə Azərbaycan torpaqları hesabına Ermənistan adlandırılan dövlət yaradılıb. Qacar türk dövlətini devirərək hakimiyyətə gələn farslar isə 280 min kvadrat kilometr əraziyə malik Güney Azərbaycanı müxtəlif hissələrə parçalayıb: “Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan vilayətləri yaradıldı. Bəzi şəhər, qəsəbə və kəndlərimiz müxtəlif əyalətlərin ərazisinə qatıldı. Onların adları sürətlə farslaşdırılmağa başlandı”. Tarixçi Tofiq Mustafazadə isə deyib ki, Gülüstan və Türkmənçay müqavilələri beynəlxalq qanunlara zidd olduğundan, yalnız çar Rusiyası və Qacar türk dövlətinin maraqlarını əks etdirib: “Bu müqavilə bir dövlətin ərazisini parçalamaq, bölüşdürmək məqsədi daşıdığından öz hüquqi qüvvəsini itirmiş sayılır”. Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan ərazilərinin birləşdirilməsi üçün mübarizənin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR