Qüdrət Həsənquliyev: “Ukrayna, Azərbaycan və Gürcüstanın NATO-ya üzv qəbul olunması Orta Asiya ölkələrinin demokratik inkişafına müsbət təsir göstərə bilər”

Qüdrət Həsənquliyev: “Ukrayna, Azərbaycan və Gürcüstanın NATO-ya üzv qəbul olunması Orta Asiya ölkələrinin demokratik inkişafına müsbət təsir göstərə bilər”
# 17 noyabr 2008 10:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. İspaniyanın Valensiya şəhərində NATO Parlament Assambleyasının (NATO PA) payız sessiyası keçirilir. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, NATO Parlament Assambleyasının sessiyasına Azərbaycan nümayəndə heyətinin tərkibində qatılan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev toplantıda “Orta Asiya respublikalarında demokratiya və təhlükəsizlik məsələləri” ilə bağlı müzakirələr aparıldığını deyib. Müzakirə olunan məsələ ilə əlaqədar çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev bildirib ki, Orta Asiya ölkələrinə sadəcə coğrafi mövqeyinə görə deyil, keçmiş sovet respublikaları və postsovet məkanında mövcud olan reallıqlar müstəvisindən yanaşmaq lazımdır: “Postsovet məkanında Rusiyanın oynadığı neqativ rol, rəsmi Moskvanın imperiya təfəkkürü bu respublikalarda demokratik proseslərin inkişafına ciddi mane yaradır. Rusiya öz vətəndaşlarının sivil dünyada mövcud olan hüquq və azadlıqlarına sayğısız yanaşmaqla bərabər, postsovet ölkələri, o cümlədən Orta Asiya respublikaları xalqlarının da demokratik inkişafının qarşısını alır”.

BAXCP sədri qeyd edib ki, sabiq sovet respublikalarının müstəqil siyasət yürütmək istəkləri Kremlin sərt təzyiqləri və təhdidləri ilə üzləşir: “Bu gün Azərbaycan torpaqları Rusiyanın himayə etdiyi və bu ölkənin hərbi müttəfiqi olan Ermənistanın işğalı altındadır. Gürcüstan Cənubi Osetiya və Abxaziya, Moldova isə Dnestryanı münaqişələrinin girovuna çevrilib. Postsovet məkanında olan münaqişələrin arxasında məhz Rusiya faktorunun dayanması Orta Asiya ölkələrinin də müstəqil siyasət yürütməsini əngəlləyir. Bu respublikalar müstəqil siyasət yürüdəcəkləri, sivil və demokratik dünyaya inteqrasiya edəcəkləri təqdirdə etnik münaqişələrlə, sərhəd mübahisələri ilə qarşı-qarşıya qalacaqlarından ehtiyatlanırlar. Bu baxımdan, Orta Asiya respublikalarında mövcud olan demokratiya və təhlükəsizlik problemləri bilavasitə Rusiyanın yürütdüyü siyasətlə əlaqələndirilməlidir. NATO-Rusiya əlaqələri genişləndirilməli, Rusiya Federasiyasının demokratikləşməsi və sivil dövlətə çevrilməsi üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir”.

Azərbaycan və Gürcüstanı Orta Asiyaya açılan qapı kimi qiymətləndirən Qüdrət Həsənquliyev bu ölkələrə hərtərəfli dəstək verilməsini, ilk növbədə isə Cənubi Qafqazda mövcud olan münaqişələrin ədalətli həllinə yardım edilməsinin vacibliyini vurğulayıb: «Ukraynanın, xüsusilə də Azərbaycan və Gürcüstanın NATO-ya üzv qəbul edilmələri Orta Asiya respublikalarının demokratik inkişafına olduqca müsbət təsir göstərə bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR