Siyavuş Novruzov: “Milli Məclisin növbəti iclaslarının birində Konstitusiya dəyişikliyi ilə bağlı təklifimizi səsləndirəcəyik”

Siyavuş Novruzov: “Milli Məclisin növbəti iclaslarının birində Konstitusiya dəyişikliyi ilə bağlı təklifimizi səsləndirəcəyik”
# 25 noyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Milli Məclisin növbəti iclaslarının birində Konstitusiya dəyişikliyi ilə bağlı təklifimizi səsləndirəcəyik. Bu məsələ Yeni Azərbaycan Partiyasında müzakirə olunmasa da, qərarımız bundan ibarətdir”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. YAP-çı deputat deyib ki, konstitusiya dəyişikliyinin edilməsi ilə bağlı referendum keçirilməsi təşəbbüsünün, həm prezident, həm də Milli Məclis tərəfindən irəli sürülə biləcəyini deyib: “Xalqın seçiminə məhdudiyyət qoymaq olmaz”. Onun sözlərinə görə, konstitusiya dəyişikliyinin edilməsinin nə vaxt həyata keçiriləcəyini söyləmək hələlik mümkün deyil.

S. Novruzov, həmçinin “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər edilməsinin də gündəmdə olduğunu bildirib. Deputat siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi üçün elə bir problemin olmadığını deyib: “Bu iş QHT və KİV-lərin maliyyələşməsi ilə eyni prinsiplər əsasında həyata keçirilə bilər. Bu işi büdcədən kənar vəsaitlər hesabına da etmək mümkündür. Məsələyə dövlət büdcəsinə dəyişiklik edilən zaman da baxıla bilər”.

YAP-çı deputat bir neçə partiya tərəfindən parlamentə “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklərlə bağlı layihə təqdim edildiyini, növbəti həftələr ərzində bu məsələnin müzakirəyə çıxarılacağını deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR