Azərbaycan ziyalıları Türkiyə aydınlarına müraciət qəbul ediblər

Azərbaycan ziyalıları Türkiyə aydınlarına müraciət qəbul ediblər
# 06 aprel 2009 16:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan ziyalıları Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə məlumatlarla bağlı Türkiyə aydınlarına müraciət qəbul ediblər. APA-nın məlumatına görə, müraciətdə bildirilir ki, Azərbaycan ziyalıları Türkiyə Cümhuriyyətinin Orta Şərq və Qafqaz regionunda sülhün, mehriban qonşuluğun və əmin-amanlığın bərpasına yönəlmiş böyük diplomatik-siyasi səylərini diqqətlə izləyirlər: “Qafqazda sabitliyin təmin olunması məqsədilə rəsmi Ankaranın xüsusi təkliflər raketi hazırlaması bu cəhətdən ümidlərimizi xeyli artırıb. Lakin reallıq bundan ibarətdir ki, Ermənistan ümumbəşəri dəyərlərin, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinin, beynəlxalq hüquq normalarının tam ziddinə olaraq Azərbaycan ərazisinin 20 faizini işğal altına alıb, həmin ərazilərdə etnik təmizləmə aparıb, tarixi və mədəni abidələri məhv etməklə regionun mədəni simasını dəyişib, Qarabağda qeyri-qanuni məskunlaşdırma prosesini həyata keçirib, ərazinin təbii sərvətlərini istismar etmiş və beynəlxalq nəzarətdən kənarda qalan regionda transmilli cinayətkarlıqlar üçün şərait yaradıblar”.

Müraciətdə bildirilir ki, Ermənistanın hakimiyyəti Türkiyə rəhbərliyinə zahirdə xoş məram ifadə edən vədlər versə də, mahiyyət etibarilə bütün Türk dünyasına qarşı özünün şər-böhtan kampaniyasını davam etdirir: “Bununla bağlı Türkiyənin hakim dairələrində kifayət qədər məlumatın olduğuna əsla şübhə etmirik. Neçə illərdir ki, Türkiyə məhz bu səbəblərdən Ermənistanla diplomatik əlaqələr yaratmayıb və sərhədlərin açılmasına hər hansı şəkildə razılıq verməyib. Azərbaycan dövləti və cəmiyyəti isə qardaş Türkiyə ilə əl-ələ verərək Qafqazda tarixi ədalətin bərpa olunacağına ciddi surətdə inandığı üçün onun bu etibarı ilə indiyədək fəxr edib. Bütün bunlarla yanaşı, son vaxtlar Türkiyə hökumətinin Ermənistanla sərhədləri açacağı ilə bağlı kütləvi informasiya vasitələrində aramsız olaraq məlumatların yayılması biz Azərbaycan ziyalılarında haqlı narahatlıq doğurur. Belə bir ehtimalın gerçəkləşə bilməsini türk xalqının milli maraqlarına və ümumən Türk dünyasının mənafeyinə büsbütün zidd bir hal kimi dəyərləndiririk. Biz Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının yolverilməz olduğunu bildirir və hesab edirik ki, yarandığı dövrdən bəri davamlı şəkildə qonşu dövlətlərin ərazilərinə qarşı iddialar irəli sürən, uzun müddətdir Azərbaycanın torpaqlarını işğal altında saxlayan və oranı tərk etmək fikrindən də uzaq olan, siyasi spekulyasiyalara əl ataraq hətta türk xalqına qarşı qondarma “soyqırım” iddiaları irəli sürən, PKK terror təşkilatına canlı qüvvə və silahla hər cür yardım göstərərək Türkiyə Cümhuriyyətini daxildən parçalamaq kimi məkrli niyyət güdən Ermənistanla Türkiyə arasında əlaqələrin qurulması, ən nəhayət, on minlərcə türkün qanını axıtması ilə öyünən erməni rejiminə münasibətdə birtərəfli qaydada güzəştli davranış türk millətinin tarixi ənənələrinə və mənəvi dəyərlərinə hörmətsizlik olardı. Qətiyyətlə söyləmək olar ki, bu güzəşt Ermənistanın Türkiyəyə qarşı iddialardan geri çəkilməsinə heç bir təsir göstərməyəcək. Eyni zamanda Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası tərəfindən bu cür addımın atılması “bir millət – iki dövlət” prinsipi ilə ifadə edilən doğma münasibətlərə mənfi təsir göstərə bilər”.

Azərbaycan ziyalıları müraciətdə ərazi ekspansiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirmiş Ermənistanla sərhədlərin açılmasına və münasibətlərin yaradılmasına qəti etiraz etdiklərini bildiriblər: “Bu cəhdləri türk xalqının iradəsinin ziddinə atılmış addım və Türkiyə ilə tarixi qardaşlıq münasibətlərinə ciddi zərbə kimi qiymətləndiririk. Biz dil, din və mədəni dəyərlər baxımından son dərəcə yaxınlığı ilə seçilən, tarixən olduğu tək bu gün də Azərbaycanla eyni mövqedə dayanan Türkiyəni Ermənistanın işğalçılıq siyasətinə münasibətdə indiyə qədər nümayiş etdirdiyi obyektivliyi və prinsipiallığı bundan sonra da qoruyub saxlamağa çağırırıq! Ümidvarıq ki, Türkiyə hökuməti məsələyə həssas və diqqətli davranacaq, Türk dünyasının ümumi mənafeyinə və maraqlarına uyğun addım atacaq”. Müraciəti Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları və Azərbaycan Yazıçılar Birliyinin üzvləri imzalayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR