“Ermənilik: mif və gerçəkliklər” mövzusunda elmi-praktik konfrans keçirilib

“Ermənilik: mif və gerçəkliklər” mövzusunda elmi-praktik konfrans keçirilib
# 23 aprel 2009 10:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “Ermənilik: mif və gerçəkliklər” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış hüquq elmləri namizədi Aytən Mustafayeva bildirib ki, Azərbaycanın, Gürcüstanın, Türkiyənin, İsrailin, bəzi Balkan dövlətlərinin üzləşdiyi “ermənilik” anlayışı hələ də dar, etnik çərçivədə başa düşülür: “Halbuki ermənilik milli mənsubiyyətdən kənar mahiyyət daşıyır. “Qədim erməni dövləti”, “Erməni sivilizasiyası”, “Böyük Ermənistan” kimi miflər uzun illərdir bütün dünyada dövriyyəyə buraxılıb. Bu miflər region xalqlarının tarixlərini saxtalaşdırmaq və digər xalqların maddi-mədəniyyət abidələrini məhv etmək, mənimsəmək üzərində qurulub, inkişaf edib”. A. Mustafayeva deyib ki, erməniliyə qarşı mübarizə aparmaq üçün yeni informasiya texnologiyalarından istifadə etmək lazımdır: “Ermənilərin atdığı hər xırda addım da əhəmiyyətsiz hesab olunmamalıdır. Azərbaycan siyasətçiləri, ziyalıları, elm adamları bu addımları qabaqlamalıdır”.

Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının işçi qrupunun katibi Şahin Sailov isə ermənilərin azərbaycanlılara qarşı indiyə qədər dünyada mövcud olmayan işgəncə metodlarından istifadə etdiklərini vurğulayıb. Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin və Respublika Prokurorluğunun ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayət faktları ilə əlaqədar əməliyyat-istintaq qrupu yaratdıqlarını xatırladan Ş. Sailov bəyan edib ki, gələcəkdə bu materiallar beynəlxalq məhkəmələrə təqdim olunacaq: “İndiyədək Azərbaycanın Cinayət Məcəlləsində soyqırım haqqında maddələr yox idi. Dövlət Komissiyasının təklifi ilə artıq həmin maddələr Cinayət Məcəlləsinə əlavə edilib. İndi biz bu maddələr əsasında erməni vəhşiliklərinə qarşı iddialar qaldıra bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR