Siyasi partiyalar və Türkiyə səfirliyinin təmsilçiləri Qafqaz İslam Ordusunun şərəfinə ucaldılmış abidəni ziyarət ediblər

Siyasi partiyalar və Türkiyə səfirliyinin təmsilçiləri Qafqaz İslam Ordusunun şərəfinə ucaldılmış abidəni ziyarət ediblər
# 24 aprel 2009 14:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan parlamentdə təmsil olunan bir neçə siyasi partiyanın rəhbəri və Türkiyə səfirliyinin təmsilçiləri Şəhidlər Xiyabanında Qafqaz İslam Ordusunun şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, abidə önünə əklil qoyulub və şəhidlərin ruhuna dualar oxunub. Ziyarətdə çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev qondarma “erməni soyqırımı” müstəvisində Türkiyə və Azərbaycana təzyiqlər göstərən bir sıra dövlətlərin yanlışlıqlara yol verdiklərini bildirib. Onun sözlərinə görə, əslində zaman-zaman ermənilər türklərə qarşı soyqırımı həyata keçirib. BAXCP sədri qondarma iddiaların uzun müddət ayaq tutub yeriyəcəyinə inanmadığını dilə gətirib: “Tarix yalnız gerçəklikləri qoruyub saxlayır və mən tarixi ədalətin bərpa olacağına, təcavüzkar Ermənistanın Türkiyə və Azərbaycan türklərinə qarşı həyata keçirdikləri cinayətlərə görə cavab verəcəklərinə inanıram”. Partiya sədri xilaskar türk əsgərlərinin xatirəsinin əbədiləşdirilməsinin vacibliyini də qeyd edib və Bakının mərkəzi meydanlarından birində belə bir abidənin ucaldılması təşəbbüsü ilə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR