“Qarabağ soyqırımı: Məhkum olunmuş Xocalı” kitabının təqdimatı keçirilib

“Qarabağ soyqırımı: Məhkum olunmuş Xocalı” kitabının təqdimatı keçirilib
# 29 aprel 2009 11:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə jurnalist Tatyana Çaladze tərəfindən tərtib olunmuş “Qarabağ soyqırımı: Məhkum olunmuş Xocalı” kitabının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən komissiyanın katibi Şahin Sailov bildirib ki, kitab Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunda, o cümlədən Dövlət Komissiyasında toplanılmış materiallar əsasında hazırlanıb. Milli təhlükəsizlik naziri Eldar Mahmudovun və Azərbaycan prezidentinin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevin dəstəyi ilə rus dilində çap olunan kitab yaxın vaxtlarda latış dilinə, sonra isə ingilis və başqa dillərdə tərcümə olunacaq: “İstintaq başa çatmamış istintaqın materiallarının açıqlanmasına hüquqi cəhətdən yol verilmir. Kitabda təqdim olunmuş materiallar içərində ilk dəfə olaraq həm istintaq materialları, həm də son dərəcə məxfi sənədlər yer alıb. Azərbaycanda indiyədək bu tərtibatda kitab çap olunmayıb”.

Bakı Dövlət Universitetinin professoru Musa Qasımov isə bildirib ki, sözügedən kitab bir neçə ildən sonra tədqiqatçılar üçün əvəzedilməz mənbə olacaq. Alim kitabın bir neçə nüsxəsinin Amerika prezidenti Barak Obamaya və digər ölkələrin prezidentlərinə də göndərilməsini təklif edib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun şöbə müdiri Araz Qurbanov isə bildirib ki, ölkənin hüquq - mühafizə orqanlarının arxivlərində olan materiallar xarici dillərə çevrilərək çap olunmalıdır: “Bu materialların beynəlxalq ictimaiyyətə çatdırılması üçün kifayət qədər hüquqi imkanlar var. Xocalı faciəsi ilə yanaşı, Qaradağlı, 20 Yanvar, Sumqayıt faciələri də dosye şəklində ingilis dilində çap olunmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR