Əli Əliyev: ““Azadlıq” bloku - Müsavat ittifaqının yaranması üçün 2005-ci ildə baş verənlər təftiş olunmalıdır”

Əli Əliyev: ““Azadlıq” bloku - Müsavat ittifaqının yaranması üçün 2005-ci ildə baş verənlər təftiş olunmalıdır”
# 17 dekabr 2009 11:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyası ilə bizim mövqelərimizi çarpazlayan, yollarımızı ayıran məqamlar var. Bizim konkret olaraq parlament seçkilərinə münasibətdə fikir ayrılığımız olub”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. 2010-cu il parlament seçkilərində “Azadlıq” bloku ilə Müsavat Partiyasının birgə iştirak etməsi barədə təklifə münasibət bildirən Ə. Əliyev Müsavatla olan fikir ayrılıqlarının indiki situasiyanı yaratdığını, Azadlıq blokunun ayrı, Müsavat Partiyasının isə ayrı durumda olmasına gətirib çıxardığını deyib.

Partiya sədri hesab edir ki, belə bir ittifaqın yaranması üçün 2005-ci ildə baş verənləri təftiş etmək lazımdır: “Əgər həqiqətən o zaman Müsavat Partiyası haqlı olubsa, onun qiymətini verib sonradan yeni əməkdaşlıq perspektivlərinə nəzər salmaq mümkün ola bilər. Mən yeni qurulan münasibətlərin sağlam təməl üzərində olmasının tərəfdarıyam. Biz münasibətlərimizə qiymət verib növbəti mərhələdə addımlarımızı ata bilərik”. Bununla bərabər Ə. Əliyev müxalifət partiyalarının əməkdaşlığının tərəfdarı olduğunu bildirib. O, keçmişi təftiş etmədən müttəfiqliyi düzgün saymır: “Müttəfiqlik yoldaşlıq, hansısa işə birgə baş vurulması deməkdir. Amma dünən yolunu dəyişmiş, mövqeyini fərqli qaydada ifadə etmiş və partiya maraqlarını milli maraqlardan yüksək tutmuş tərəflə mənə elə gəlir ki, münasibətləri qurmaq üçün situasiyaya qiymət vermək lazımdır. Burada səbirsizlik, tələskənlik yolverilməzdir və şüarçılıq da yersizdir. Mən maksimum dərəcədə hadisələrə ehtiyatla yanaşılmağın, eyni zamanda dünənki hadisələrin fonundan məsələlərə qiymət verilməsinin tərəfdarıyam. Əgər bu hadisə bir dəfə baş veribsə, növbəti dəfə də hansısa firqənin maraqlarına uyğun olan addımların atılması ehtimalı ortada olduğu zaman mənə elə gəlir ki, bu məsələdə düşünüb addım atmaq lazımdır”.

Qeyd edək ki, “Azadlıq” blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası 2010-cu il parlament seçkilərində blokun Müsavat Partiyası ilə ittifaq yaratması təşəbbüsü ilə çıxış edib. Blokda AXCP, VİP və Azərbaycan Liberal Partiyası təmsil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR