Rusiya Elmlər Akademiyasının İqtisadi Strategiya İnstitutunun baş direktoru Aleksandr Ageyev Bakıya gələcək

Rusiya Elmlər Akademiyasının İqtisadi Strategiya İnstitutunun baş direktoru Aleksandr Ageyev Bakıya gələcək
# 22 dekabr 2009 02:43 (UTC +04:00)
Bakı – APA. Dekabrın 24-də Rusiya Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin İqtisadi Strategiya İnstitutunun təsisçisi və baş direktoru Aleksandr Ageyev Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olacaq.

SAM-dan APA-ya verilən məlumata görə, A.Ageyev “Qlobal enerji təhlükəsizliyi və alternativ enerji mənbələri” mövzusunda məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, A.Ageyev korporativ, regional və dövlət səviyyələrində strateji idarəetmə, proqnozlaşdırma, innovasiya strategiyaları, menecment və investisiyaların beynəlxalq standartları və s. sahələr üzrə tanınmış mütəxəssisdir. O, həmçinin 200-dən artıq elmi, publisistik, bədii monoqrafiyaların və məqalələrin müəllifidir.

A.Ageyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, SSRİ Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun, Rusiya Federasiyası Hökuməti nəzdində Xalq Təsərrüfatı Akademiyasının, Kinqston Biznes Məktəbinin (Böyük Britaniya) məzunu olub, eləcə də ABŞ və Cənubi Koreyada təcrübə keçib.

Mərkəzin konfrans zalında təşkil ediləcək və maraqlı müzakirələrlə müşayiət olunacaq tədbirdə SAM-ın əməkdaşları, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR