Sülhəddin Əkbər: “Müsavat Partiyası AXCP ilə birgə hərəkət etməyi nəzərdə tutur”

Sülhəddin Əkbər: “Müsavat Partiyası AXCP ilə birgə hərəkət etməyi nəzərdə tutur”
# 06 yanvar 2010 09:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində Müsavat Partiyası ilə “Azadlıq” blokunun birgə iştirakı üçün prosesləri sürətləndirəcəyik. Bu məsələ bizim partiyanın 2010-cu il fəaliyyət planında önəmli yerlərdən birini tutur və çalışmalıyıq ki, dairələr üzrə vahid namizədləri bəri başdan müəyyən edək”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib. Onun sözlərinə görə, hələlik partiyalar arasında intensiv müzakirə səviyyəsinə qalxmayan bu təklifin reallaşması üçün hər iki tərəf səy göstərməlidir. Seçki blokunun AXCP ilə Müsavat arasında qurulması barədə qarşı tərəfin təklifinə gəldikdə, H. Kərimov bildirib ki, bu məsələ də müzakirə ediləcək: “Biz blokda iki partiya ilə müttəfiqik və blokdan kənarda fəaliyyətimizi görmürük. Ona görə də istərdik ki, Müsavat Partiyası da blokla birgə fəaliyyət göstərsin. AXCP-Müsavat müttəfiqliyi ilə bağlı məsələ isə hələ partiyalarda müzakirə olunmayıb”.

Müsavat Məclisinin sədri Sülhəddin Əkbər isə AXCP-Müsavat müttəfiqliyinin mühüm əhəmiyyət kəsb etdiyini bəyan edib. O, “Azadlıq” bloku ilə müttəfiqliyin gündəmdə olmadığını söyləyib: “Müsavat Partiyası məhz AXCP ilə birgə hərəkət etməyi nəzərdə tutur. Çünki AXCP ilə Müsavat psixoloji nöqteyi-nəzərdən, qarşıya qoyulan hədəflər, siyasi platforma baxımından yaxındır. Biz istəyirik ki, gələcək birliyin bünövrəsi sağlam olsun. Ona görə də məhz AXCP ilə birgə hərəkət etmək niyyətindəyik. Klassik Xalq Cəbhəsi Partiyasının da burada iştirakını arzulayırıq. Amma hələlik bu barədə müzakirə aparılmır. Ola bilsin ki, gələcəkdə bu birlik genişlənsin və yeni-yeni qüvvələr bura daxil olsun”. S. Əkbər partiya rəhbərləri arasında ilkin fikir mübadiləsi aparıldığını və danışıqların yaxın vaxtlarda intensivləşəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR