Zəminə Dünyamalıyeva: “ACP liderinin müşaviri vəzifəsində qalıram”

Zəminə Dünyamalıyeva: “ACP liderinin müşaviri vəzifəsində qalıram”
# 12 yanvar 2010 12:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Zəminə Dünyamalıyeva Açıq Cəmiyyət Partiyasının (ACP) İdarə Heyətinin üzvlüyündən və partiyadan xaric edilsə də, partiya liderinin müşaviri postundan azad olunmayıb. Z. Dünyamalıyeva APA-ya açıqlamasında bildirib ki, müşavir vəzifəsinə təyinat barədə sərəncamı partiya lideri verir. ACP lideri Rəsul Quliyevin onun bu vəzifədən azad olunması barədə sərəncamının olmadığını deyən Z. Dünyamalıyeva öz vəzifəsində qaldığını deyib: “Mənə deyən olmayıb ki, müşavirlikdən də çıxarılmışam. Bu, partiya liderinin qərarı ilə olan təyinatdır, əgər partiya liderinin qərarı yoxdursa, bu o deməkdir ki, həmin postda qalıram. Rəsul Quliyevin müşaviri olmağın isə partiyaya heç bir aidiyyəti yoxdur. Rəsul Quliyev müşavir olaraq mənə hansısa tapşırıq verərsə, həyata keçirəcəyəm”.

Z. Dünyamalıyeva hansısa partiyaya üzv olmaq fikrində olmadığını, siyasi fəaliyyətini bitərəf olaraq davam etdirəcəyini deyib.

Qeyd edək ki, partiyada pozuculuq fəaliyyəti ilə məşğul olması səbəb göstərilərək, Z. Dünyamalıyeva Ali Məclisin sonuncu iclasında partiyadan və İdarə Heyətinin üzvlüyündən xaric edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR