İsa Qəmbər: “20 Yanvar Azərbaycan xalqının kütləvi qəhrəmanlıq tarixidir”

İsa Qəmbər: “20 Yanvar Azərbaycan xalqının kütləvi qəhrəmanlıq tarixidir”
# 19 yanvar 2010 14:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının qərargahında 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Müsavat Partiyasının rəhbərliyi, müxalifət partiyalarının təmsilçiləri, tarixçilər və 20 Yanvar faciəsinin şahidləri iştirak edib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, Sovet İttifaqının dağılmasında Azərbaycan xalqının apardığı mübarizə həlledici rol oynayıb. O, bir sıra hallarda bu mübarizəyə kölgə salmaq cəhdlərinin edildiyini, ittifaqın öz-özünə dağılması kimi fərziyyələrin irəli sürüldüyünü deyib: “Bu, tarixi təhrif etmək cəhdindən başqa bir şey deyil”.

Müsavat başqanı İsa Qəmbər isə 20 Yanvarın Azərbaycan xalqının kütləvi qəhrəmanlıq tarixi olduğunu söyləyib: “Bəzən şəhidləri təsadüfi qurban hesab edənlər də tapılır. Amma həmin insanların hər biri ona görə meydanda idilər ki, mübarizə aparırdılar. 20 Yanvar hadisəsi açıq bir həqiqəti ortaya qoydu ki, imperiya ilə demokratiya bir yerdə ola bilməz. Bu həqiqət bu gün də xüsusilə Rusiya üçün aktualdır. 20 Yanvar hadisəsi həm də gələcəyə işıq salan bir hadisə idi”.

Dəfn komissiyasının üzvü olmuş Xalid Muxtarlı isə şəhidlərin dəfn olunması zamanı yaradılan maneələrdən danışıb.

Tədbirdə iştirak edən digər müxalifət partiyalarının nümayəndələri də hadisə barədə öz fikirlərini bildiriblər.

Tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotoşəkillər, slaydlar nümayiş olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR